"Müdafiə xəttimizdə hələ üzərində işləməli olduğumuz məqamlar var. Rəqibimiz ilk oyunda hücumda çox güclü idi"

Sabah qadın voleybol komandaları arasında CEV Çempionlar Liqasının ikinci mərhələsinin oyunları keçiriləcək. Matc.az xəbər verir ki, təmsilçimiz “Turan” ilk görüşdə Tovuzda məğlub etdiyi (3:0) Xorvatiyanın “Mladost” klubunun qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da Zaqrebdə baş tutacaq.

Xorvatiya çempionatında əla start götürən “Mladost” bu qarşılaşmaya yüksək əhval-ruhiyyədə çıxacaq. Komanda Superliqanın ilk dörd turunda “Ribola Kastela”, “Kelteks”, “Nebo” və “Dinamo” ilə duellərin hər birində 3:0 hesablı qələbə qazanıb.

“Turan”la oyunöncəsi fikirlərini açıqlayan baş məşqçi Rikkardo Boyeri bildirib ki, komanda hazırda yaxşı formadadır: “Zaqrebdən Bakıya, oradan isə Tovuza uzanan gərgin səyahət həftəsini başa vurduq. Həmçinin “Dinamo” ilə qarşılaşdıq; bu oyun texniki cəhətdən Zaqrebdə keçirilsə də, bizim öz meydançamız deyildi. Biz hər oyunda daha da inkişaf edirik və ən əsası, bütün oyunçularımız sağlamdı, bərpa prosesi də uğurla gedir”.

İtalyan mütəxəssis ilk oyunda hücum gücünü nümayiş etdirən “Turan”ın səviyyəsini yaxşı bildiyini vurğulayıb: “Müdafiə xəttimizdə hələ üzərində işləməli olduğumuz məqamlar var. Rəqibimiz ilk oyunda hücumda çox güclü idi. Ən böyük üstünlüyümüz və imkanımız odur ki, nəhayət, öz meydanımızda, azarkeşlərimizin qarşısında oynayırıq. Biz məhz buna əsaslanmaq və bundan maksimum dərəcədə yararlanmaq istəyirik”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest