İspaniya Superkuboku gələcəkdə Azərbaycanda keçirilə bilər. Matc.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) baş direktoru Manuel Lalinde “MARCA” və “DAZN”ın təşkil etdiyi forumda danışıb.
Onun sözlərinə görə, 2027-ci ildə Səudiyyə Ərəbistanında Asiya Kubokunun keçiriləcəyi üçün Superkubok üçün alternativ ev sahibi axtarılıb. Bu prosesdə Azərbaycan, ABŞ, Çin, Mərakeş və Qətərdən təkliflər daxil olub. O, yarışa beynəlxalq marağın yüksək olduğunu və turnirin təşkilindən əldə edilən gəlirlərin artırılması üçün imkanların mövcudluğunu vurğulayıb.
Superkubokun 2022-ci ildən bəri davamlı olaraq Səudiyyə Ərəbistanında keçirildiyini xatırladaq. RFEF 2021-ci ildə ölkə ilə müqaviləni 10 il müddətinə uzatdığını açıqlamışdı. Lakin 2027-ci ilin yanvar-fevral aylarında Səudiyyədə Asiya Kuboku olacağı üçün turnirin orada keçirilməsi mümkün deyil.
Nəticədə 2027-ci il Superkuboku İstanbulda təşkil olunacaq. RFEF bildirib ki, seçim “dünyanın müxtəlif yerlərindən gələn 7-yə qədər təklifin analizindən” sonra edilib. Yarış fevralın 2-7-si aralığında keçiriləcək. Yarımfinallar fevralın 2-də və 3-də, final isə fevralın 6-da baş tutacaq. Turnirdə “Real” (Madrid), “Barselona”, “Atletiko” (Madrid) və “Real” (Sosyedad) mübarizə aparacaq.
Federasiyanın məlumatına görə, Superkubok 2028-ci ildə yenidən Səudiyyə Ərəbistanına qayıdacaq.













