Avropa Klublar Birliyinin (indiki adı ilə Avropa Futbol Klubları – EFC) qlobal analoqu yaradıla bilər.

Matc.az xəbər verir ki, bu barədə EFC-nin rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, qurumun rəhbəri Nasser Əl-Xəlaifi baş assambleyada çıxışı zamanı Dünya Futbol Klubları (World Football Clubs) təşkilatının yaradılmasının vacibliyini bəyan edib:

"Bu gün klublarımız hər zamankindən daha qlobal və beynəlxalq statusa malikdir, eyni zamanda öz yerli icmalarının bir hissəsi olaraq qalırlar. Oyunçularımız, məşqçilərimiz, yarışlarımız, azarkeşlərimiz, sahiblərimiz, tərəfdaşlarımız, brendlərimiz – hamısının yerli kökləri, lakin qlobal təsiri var. Kopenhagendən Qahirəyə, Nyu-Yorkdan Tokioya qədər azarkeşlər öz klublarını stadiondakı ilə eyni emosiyalarla izləyə bilirlər.

EFC klublara hər kəslə əlaqə saxlamaq imkanı verən qlobal şəbəkəyə və platformaya çevrilib. Biz Avropa daxilində və xaricində klublar üçün üstünlüklər yaradırıq. Məhz buna görə də indi Dünya Futbol Klubları təşkilatını yaratmağın tam vaxtıdır. Çünki dünyadakı hər bir klub təmsil olunmağa, səs hüququna və uğur qazanmaq üçün ən yaxşı şansa layiqdir. EFC sadəcə üzvlük rəqəmlərindən və statistikadan daha üstün bir şeydir. Biz sizin sayənizdə buradayıq. Missiyamız sizi qorumaqdır. Futbolun inkişafına kömək etməkdir.

Klublar və maraqlı tərəflər... hamımız eyni məqsədə doğru can atırıq. Biz hamımız əvvəlki və gələcək nəsillərə məxsus olan bu oyunun qoruyucularıyıq. Futbol hər şeydən üstündür. Biz futbola toxuna bilmərik. Amma biz birlikdə hərəkət etməliyik. Yalnız öz maraqlarımızı düşünməyə son qoyaq. Gəlin birləşək. "Mən" deyil, "biz" deyək.

EFC-də biz hər zaman açıq dialoqa, konsensusa və kompromisə can atacağıq. Böyük klubların kiçik klublara ehtiyacı var. Kiçik klubların da böyük klublara ehtiyacı var. Bütün maraqlı tərəflərin bir-birinə ehtiyacı var. Axı heç bir oyunçu təkbaşına 11 rəqibi məğlub edə bilməz. Topu ötürəndə o, daha sürətlə uçur. Komanda budur... Elə isə gəlin irəli getməyə davam edək. Bir-birinizi qoruyun. Birlikdə işləyin. Təslim olmayın. Və o zaman hamımız məqsədlərimizə çatacağıq".

Assambleyanın bəzi iştirakçıları Dünya Futbol Klubları təşkilatını FİFA-nın və Canni İnfantinonun hakimiyyətinə meydan oxuya biləcək qeyri-rəsmi "altıncı konfederasiya" kimi qiymətləndirirlər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest