PSJ-nin prezidenti və Avropa Klublar Assosiasiyasının rəhbəri Nasser Əl-Xəlaifi UEFA prezidenti Aleksander Çeferinə yeni müddətə namizədliyini irəli sürməsi üçün açıq şəkildə müraciət edib. Çıxışı zamanı qətərli funksioner rəsmi iş əlaqələrinin tez-tez baş verdiyini diqqətə çatdırıb.
Matc.az xəbər verir ki, bu barədə Avropa Klublar Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Əl-Xəlaifi Çeferinə ünvanladığı müraciətində bu fikirləri səsləndirib: "Klublar adından gələn çoxsaylı xahişlərlə bağlı hər gün etdiyim zənglərdən və göndərdiyim mesajlardan artıq yorulduğunuzu bilirəm. Yəqin ki, mən sizə bəzən hətta həyat yoldaşınızdan da tez-tez zəng edirəm. Səbrinizə, klublara göstərdiyiniz dəstəyə və asan olmadığı vaxtlarda belə futbolun maraqlarını qoruduğunuza görə sizə təşəkkür edirəm. Assosiasiyanın 900-dən çox klubu adından gələn il keçiriləcək seçkilərdə prezident postuna namizədliyinizi yenidən irəli sürməyinizi xahiş edirik".
Xatırladaq ki, Aleksander Çeferin 2016-cı ildən UEFA prezidenti vəzifəsini tutur. Sloveniyalı funksioner sonuncu dəfə 2023-cü ilin baharında alternativsiz əsasda yenidən bu posta seçilib. Avropa futbol qurumunun növbəti rəhbər seçkiləri isə 2027-ci ildə planlaşdırılır.













