İllərdir idman mediasındayam. Veteran futbolçulardan hansının hansı mövzuda söz deyə biləcəyini, hansının isə "qazanda nə bişdiyindən" xəbərsiz şəkildə sadəcə mız qoyduğunu yaxşı bilirəm. 27 illik təcrübəm göstərir ki, bəziləri söhbətin məğzindən belə xəbəri olmasa da, sırf gündəmdə qalmaq üçün boş-boş danışmağı adətə çeviriblər.

Onlardan biri də Vidadi Rzayevdi. Adam vaxtilə əla futbolçu olub, söz yox. Amma təəssüf ki, Vidadi bəyin nə məşqçi karyerası, nə də mütəxəssis kimi irəli sürdüyü fikirlər meydandakı oyununu xatırladır.

Məsələn, Vidadi bəy "Fənərbaxça" ilə dostluq oyununa görə "Turan Tovuz" rəhbərliyini ittiham edir. Deyir ki, bu qarşılaşma bölgədə keçirilməli imiş: "Həmin matç Tovuz və ya Gəncədə keçirilsəydi, lap yaxşı olardı. Tovuzda çox yaxşı stadion var. Ora nə olub ki? Azarkeş tutumu azdır? Bəs gəlin görək nə qədər bilet satılıb? Təxminən 16 min. Gəncədəki stadionda da təxminən bu qədər azarkeş tutur..."

Vaxtilə "Turan"ın şərəfini qorumuş bir oyunçu Tovuz stadionunun azarkeş tutumundan xəbərsiz ola bilərmi? Bəlkə, yaddaşı pozulub? 16 min biletin satıldığını bilə-bilə 6 minlik Tovuz stadionunun adını hallandırmaq ciddi adama yaraşarmı? Məndə olan məlumata görə, hazırda artıq 17 mindən çox bilet satılıb. Bu qədər adam nəinki Tovuz, heç Gəncə stadionuna da sığışmır axı!

Digər tərəfdən, Vidadi bəy futbol gündəmi ilə azacıq da olsa maraqlansaydı, bilərdi ki, "Turan Tovuz" – "Fənərbaxça" oyununun əslində Gəncədə keçirilməsi planlaşdırılmışdı. Lakin o vaxt AFFA milli komandanın Millətlər Liqasındakı ev oyunlarının məhz Gəncədə keçiriləcəyini açıqladığı üçün təqvimdə uyğunsuzluq yarandı. Məhz bu səbəbdən klub rəhbərliyi Tofiq Bəhramov adına Respublika stadionuna üstünlük verməli oldu.

Ümid edirik ki, Vidadi bəy bu matçın nə üçün bölgədə deyil, Bakıda keçirildiyinin əsl səbəbini də, verdiyi açıqlamanın əsassız olduğunu da anlayar.

Sonra da şikayət edirlər ki, AFFA, klub rəhbərləri biz veteranların fikirlərinə hörmətlə yanaşmırlar...

SAMİR

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest