Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino milli assosiasiyalara vəsait ayrılması imkanlarının qiymətləndirilməsi barədə tapşırıq verib.
Matc.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi FIFA rəhbərinin məktubuna istinadən məlumat yayıb.
Bildirilir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Ölkələrinin Futbol Konfederasiyası (CONCACAF) FIFA-nın tərkibinə daxil olan 211 milli assosiasiyanın hər birinə ən azı 10 milyon dollar ayrılmasını tələb edir. Əlavə maliyyələşdirmə ilə bağlı təkliflər oktyabrın 15-də FIFA Şurasının müzakirəsinə təqdim olunacaq.
İnfantino altı qitə konfederasiyasının prezidentlərinə ünvanladığı məktubda bildirib ki, hər hansı əlavə vəsaitin ayrılması yalnız maliyyə yoxlaması aparıldıqdan və rəsmi təsdiq alındıqdan sonra mümkün olacaq.
"Qiymətləndirmə başa çatana və lazımi razılıqlar alınana qədər heç bir ilkin rəqəm milli assosiasiyalar qarşısında təsdiqlənmiş öhdəlik kimi qəbul edilə bilməz", - deyə İnfantino bildirib.
İyul ayında məlum olmuşdu ki, İnfantino təşkilatın əsas kişi və qadın yarışlarına nəzarət edəcək şirkət yaratmaq istəyir. Onun fikrincə, "FIFA Forward Enterprise"ın yaradılması FIFA-ya üzv assosiasiyaların gəlirlərini artıracaq və dünyada futbolun inkişafına təkan verəcəkdi. Beynəlxalq Futbol Federasiyasından bildirilmişdi ki, bu sxem 4,2 milyard dollar cəlb edə bilərdi. Təşəbbüs funksionerlər, federasiyalar və digər təşkilatlar tərəfindən kütləvi şəkildə tənqid olunduğu və qınanıldığı üçün İnfantino bu ideyadan imtina edib.













