Necə deyərlər, od düşdüyü yeri yandırar...
Premyer Liqamızın V turunda "Araz-Naxçıvan"ın "Turan Tovuz"la oyunda məğlubiyyətdən canını necə biabırçı qərarla qurtardığı bütün ölkəyə məlumdu. Görüşü idarə edən Elçin Məsiyev qonaq komandanın qapısına heç nədən, olmayan penalti təyin etdi. "Araz-Naxçıvan" bu şansı boşa vermədi və bərabərlik topunu vurdu - 2:2.
Həmin qarşılaşmadan sonra "Araz-Naxçıvan"ın məşqçisi Zaur İsmayılov az qala dəridən-qabıqdan çıxaraq, bütün varlığı ilə Məsiyevin biabırçı qərarına haqq qazandırmağa çalışdı. Amma nə fayda? AFFA baş hakimin səhv qərar verdiyini bildirdi: həmin epizodda penalti qərarı yanlışdı.
Növbəti turda Naxçıvan təmsilçisi Şamaxıda eyniadlı komandaya 1:2 hesabı ilə uduzdu. Taleyin işinə baxın, "Araz" hər iki qolu penalti zərbəsindən buraxdı.
Zaur bəy bu dəfə ilk penalti ilə bağlı "bir az mübahisəlidi" dedi.
Necə deyərlər, od düşdüyü yeri yandırar...
Bəyəm "Turan Tovuz"un qapısına verilən penalti mübahisəli deyildimi? Məsiyev həmin epizodlarda "Araz"ın qapısına penalti verərdimi? Başqasını bilmirəm, amma şəxsən mən buna inanmıram.
Allahın zopası ağır olar. Sən penalti ilə haram bir xal qazana bilərsən. Amma üstündən nəinki 40, heç 10 gün keçmədi ki, iki penalti ilə uduzdun, üstəlik, komandadan qovuldun!
Bax, buna "İlahi ədalət" deyirlər, Zaur!
SAMİR













