Ehtiram Quliyev haqqında təxminən 15 il əvvəl eşitmişdim. Ailəvi dostlarımız Ələddin və Qabillə Türkiyədə eyni vaxtda təhsil alıb. Daha geniş məlumatı isə mənə Səməd Nəsibov vermişdi. Sonradan Nəsimi Paşayev, hətta PFL-də çalışan dostlar da Ehtiram Quliyev haqda ancaq xoş sözlər, onun xeyirxah işlərindən ağızdolusu danışmışdılar.
Onu ilk dəfə "Hünər" futbola gələndə görmüşdüm və o zaman adama rəğbətim yaranmışdı. Saf, səmimi. Yəqin ki, çoxları mənimlə razılaşar, Ehtiram bəy doğrudan da hörmətə layiq, dəyərli insandı.
Onun 44 günlük Vətən müharibəsi dövründə elədiklərinin əksəriyyətini çoxları bilmir; bəlkə də onun yerində başqası olsaydı, isti, rahat otağından bayıra çıxmazdı. Hansı ki, bu addımı çoxları atmışdı.
Ehtiram bəy futbola gələndə Səmədlə söhbətimiz olmuşdu. Dedim ki, Səməd, Ehtiram müəllimə yaxşı mənada yazığım gəlir, çünki bataqlığa gəlib. Bizim futbol kimləri bezdirmədi ki? İyrənib futboldan gedənləri biz çox yaxşı tanıyırıq.
Çox təəssüf ki, axırda Ehtiram bəyi də iyrəndirdilər. Adam dəfələrlə haqsızlıqla üzləşdi, artıq dözə bilmir. Ehtiram bəy futbol üçün nələr etmədi? Şəxsi vəsaiti ilə akademiya tikdi, komanda üçün Kürdəxanadı məşq meydançası inşa etdirdi, Tovuzda da həmçinin.
27 ildir mətbuatdayam, ola bilər yanılım, amma gəlin açıq danışaq: Ehtiram bəyin futbolun inkişafı üçün elədiklərini bu ölkədə hansı biznesmen etdi? Evsiz-eşiksiz "İmişli", "Araz-Naxçıvan", yoxsa digərləri?
Məndə olan məlumata görə, hazırda "Turan Tovuz" daxilində hansısa gərginlik və ya fikir ayrılığı yoxdur. Amma Ehtiram bəyin komandadan gedəcəyi barədə yayılan xəbərlər tamamilə gerçəkdir. Bəs bu adam niyə bu ağır qərara gəldi?
Çünki adamı hakimlər bezdirdi, iyrəndirdi! Əliyar Ağayevin, Elçin Məsiyevin qərəzli qərarlarından boğaza yığıldı. Hələ cəmi 6 tur oynanılıb, amma "Turan"ın haqqı olan 4 xalını açıq-aşkar oğurlayıblar.
Mənim Ehtiram Quliyevə hörmətim var, həmişə də olacaq. Onu bütün Tovuz sevir. Yenə deyirəm, çoxları onun elədiklərinin cüzi hissəsini belə bilmir. Adam futbolun başını buraxıb, övladları və biznesi üçün daha çox işlər görərdi. O, futboldansa, işğaldan azad olunmuş torpaqlarda bina tikdirib qat-qat çox qazana bilərdi. Bildiyim qədərilə, Ağdamda yüzə yaxın çoxmərtəbəli bina tikdirmək şansı olub. Amma futbol sevgisi, "Turan" sevgisi onu bu bataqlıqda saxladı.
Adam 3 ildir futboldadı, dürüstlüyü hamıya məlumdur. İndi bundan sonra hər gün haqqında neqativ yazılar yazılsa belə, o heç vaxt pis insan kimi xatirələrdə qalmayacaq.
Gəlin səmimi olaq: Azərbaycan futboluna Elçin Məsiyev lazımdır, yoxsa Ehtiram Quliyev? Elçin Məsiyevin "Araz-Naxçıvan"ın lehinə təyin etdiyi həmin o biabırçı penalti vacib idi, yoxsa Ehtiram Quliyevin futbolda qalması? Bir gün Qəbələni, bir gün Şamaxını təmsil edən evsiz-eşiksiz "Araz"a haram yolla 1 xal qazandırmaq vacib idi, yoxsa Ehtiram Quliyev? Hansı birini deyəsən?
Kaş yalan olsun, böyük ehtimalla noyabrda "Turan"ın İdarə Heyətinin iclası olacaq. Yəqin ki, həmin iclas Ehtiram bəyin doğma komandasında son iş günü olacaq. Amma insaflı olaq, o dəyərli insan belə qərəzli münasibətə layiq idimi?
Təəssüf, çox təəssüf...
İXTİYAR













