"İnter Mayami"nin həmtəsisçisi Devid Bekhem "Qızıl top-2026" barədə danışaraq, bu mükafatı qazanmalı olan oyunçunun adını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə MLS-in mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, "İnter Mayami"nin Kubok Kampeonesdəki qələbəsindən sonra klub rəhbəri komandanın kapitanı Lionel Messini xüsusi fərqləndirib. O, argentinalının fenomenal bir mövsüm keçirdiyini və DÇ-2026-nın taleyini həll edən əsas fiqur olduğunu bəyan edib:

"Düşünürəm ki, onun bu axşam etdiklərini və bu dünya çempionatını necə keçirdiyini gördükdə, adının yenidən "Qızıl top"a namizədlər arasında çəkilməsi təsadüfi deyil. Bu, təsadüf deyil, çünki o, yəqin ki, turnirin ən yaxşı oyunçusu idi. Ötən il inanılmaz bir mövsüm keçirdi. Həmin mundiala gəldi və 39 yaşında dünya çempionatının gedişatına və hər bir oyuna bu cür təsir göstərdi. Bu, xüsusi bir şeydir. Bunu edən və bu səviyyədə oynayan başqa 39 yaşlı oyunçu yoxdur.

Ona görə də o, "Qızıl top"a namizəd kimi nəzərdən keçirilməyə layiqdir. Mənim fikrimcə, o, bu mükafatı qazanmalıdır. Orada Harri Keyn, Kilian Mbappe, Cud Bellingem və digərləri kimi möhtəşəm oyunçular var, amma bilirsiniz, söhbət Leodan gedəndə mən onun ən böyük azarkeşiyəm".

Qeyd edək ki, Messi cari mövsümdə klub səviyyəsində 27 matça çıxıb. O, bu görüşlərdə 23 qol vurub və 14 məhsuldar ötürmə edib.

Dünya çempionatında argentinalı futbolçu 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb və finala qədər yüksələrək orada İspaniya yığmasına uduzub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest