Statistikaya baxsaq, “Turan Tovuz”un 5 tura 4 xalı əlindən alınıb. Bu isə o deməkdir ki, qərblilər indi zirvəyə şərik olmalı idi, amma 5-ci pillədədirlər…
 
Misli Premyer Liqasının 2-ci turunda “Şamaxı” ilə ev oyununda (0:0) topun xətti keçməsini “videogörüntü problemi” ilə izah etməyə çalışmışdılar. Bu epizoda görə bəhanə qəbuledilən idi. Həqiqətən də “CBC Sport”un bərbad çəkilişi üzündən hakimlər çətin vəziyyətə düşmüşdü. Təsadüfi deyl, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov ənənəvi şərhində sayılmayan qola don geyindirmək üçün əcəl təri axıtmışdı.
 
Ötən həftə “Araz-Naxçıvan”la oyunda başverənlərin isə bəhanəsi yoxdur. Və bu epizoda görə birbaşa baş hakim Elçin Məsiyev məsuliyyət daşıyır. O, VAR-ın məsləhəti ilə epizoda yendən baxmış və penalti olduğu qənaətinə gəlmişdi. Rəhim Həsənov isə bugünkü izahında qərarın yanlış olduğunu etiraf etdi.
 
Həmin penalti naxçıvanlıların hesabı bərabərləşdirməsinə (2:2) səbəb oldu, hakimlər nəticəyə birbaşa təsir etdi. İndi tovuzlu azarkeşlərin AFFA-nın, hakimlərin onlara qarşı qərəzli olmasını düşünməkdə haqqı var. FIFA referisi (!!!) bu qədər aşkar epizodda yanlış qərar verirsə, ortada qərəz görünür.
 
Lakin prosesləri dəqiq analiz edənlər anlayır ki, bu qərəz “Turan Tovuz”a qarşı deyil, “Araz-Naxçıvan”a simpatiyanın növbəti isbatıdır, sadəcə, “qurban” rolunda Kurban Berdıyevin yetirmələri seçilib. Bu, həm naxçıvanlılara köməyə, həm də daim narazı olan tovuzluları qıcıqlandırmağa, xaos yaratmağa hesablanıb.
 
Bu matçın təyinatları açıqlanarkən, “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda qalmaqal ola biləcəyini təxmin etmiş, həmkarlarımızdan biri ilə bu barədə müzakirə aparmışdım. Matçda baş verənlərə bugünədək reaksiya bildirməməkdə isə məqsədim var idi – Rəhim Həsənovun izahını gözləyirdim. Sədr də həqiqət qarşısında aciz olub etiraf etdikdən sonra detallara varmağa dəyər.
 
“Araz-Naxçıvan” autsayderdir, çətin durumdadır. Həmişə belə olanda komandanı özünə gətirmək üçün klub rəhbərliyinə dost olan hakimlərin köməyinə ehtiyac yaranır. Zaur Axundovun isə belə dəstəsinin olduğu çoxdan bəllidir və qrupun ən fəal üzvü Elçin Məsiyevdir. Vaxtlə “Zirə”ni göz görə-görə uduzdurub Axundovun o vaxt rəhbəri olduğu “Keşlə”yə ölkə kubokunu qazandıran FIFA referisi daha sonralar da dəfələrlə ona yardım əlini uzadıb.
 
Və bu hakim 4 tura cəmi bir xal qazanan naxçıvanlılara yardım etmək üçün göndərildi, nəticəsi də bəllidir. Amma burada sual yaranır: illərdir mətbuat bu barədə car çəkir, AFFA Hakimlər Komitəsi isə hər şeyi görməzdən gəlir. Bəlkə də qurumun içində həmin dəstəyə qulluq edən kimlərsə var. Bu qədər təsadüf olmaz axı – 4-cü turda Məsiyev “Araz-Naxçıvan”ın oyununda VAR hakimi idi, az qala ağdamlılar büdrəyəcəkdi; növbəti turda isə o, baş hakim kimi eyni komandanın matçına əsas referi kimi təyinat aldı və bu dəfə tovuzluların haqqı yeyildi.
 
AFFA rəhbərliyui ayılmalıdır. Bu təyinatları edənlər ifşa olunmalı, cəzalandırılmalıdır. Komitədə lövbər salıb keçmiş AFFA rəhbərliyinə qulluq edənlər, qardaşını assosiasiyada vəzifəyə gətirib onun “padruqasına”, sevgilisinə, dostlarına şərait yaratmasına səbəb olanlar üzə çıxarılmalıdır, bu təyinatlardakı məqsədləri araşdırılmalıdır.
 
“Turan Tovuz” hazırda “sarı sim” kimidir, hakim qərarları ilə bilərəkdən incidilir, hər şey onların emosional rəhbərlərinin “partlamasına” hesablanır. Xaos kimə lazımdır? Təbii ki, AFFA-nın yeni rəhbərliyinin uğurla işləməsini istəməyən və geri qayıtmaq ümidi ilə yaşayan sabiqlərə. Onların çörəyinə yağ çəkənlər isə indiki rəhbərlikdə təmsil olunan, müxtəlif qurumlara yerləşdirilən məkrli məmurlardır. Məsiyevin ardıcıl iki həftə “Araz-Naxçıvan”ın oyununa göndərilməsinin və onun belə hoqqa çıxartmasının başqa adı yoxdur.
 
Rəhim Həsənov yalnız epizodları şərh etmək üçün seçilmiş fiqur təsiri bağışlayır. Təyinatları kim edir, hakimlərlə kim iş aparır, komitənin əsl rəhbəri kimdir – bütün bu suallara cavab tapılmayınca, tədbir görülmədikcə qalmaqallar əskik olmayacaq. Deyək ki, Elçin cəzalanacaq, axı, eyni komandaya qulluq edən və bu “bacarığını” dəfələrlə sübut etmiş Cavid Cəlilov, Nicat İsmayıllı, Pərvin Talıbov və başqa axundovçular var.
 
Əziz AFFA rəhbərliyi, hansı cəbhələrə qulluq etdiyi bəlli olan, çirkli keçmişə malik, sabiqlərə xidmətə davam etməklə məşğul olan adamları tamamilə təmizləməsəz, özünüz də çirkaba batacaqsız. Bu gün “Turan Tovuz”un haqqı yeyilir, sabah onlar “Sabah”, “Qarabağ”, “Neftçi” kimi komandaların oyununda hoqqa çıxaracaq, xaos yaradacaqlar. Kiməsə kömək etmək üçün yox, ümumi ab–havanı korlamaq üçün…
 
P.S.: Növbəti turda “Zirə” Tovuza səfər edəcək. Bu komandaların duelində ötən mövsümkü qalmaqalları yada salın, qərbli azarkeşlərin qəzəbini təxmin edin və işbazların hansı ssenarini planladığını görün. Təcili tədbirlər görməsəz, proflaktik işlər aparmasaz, növbəti turda qalmaqalların miqyası böyüyə bilər.
 
P.P.S.: “Turan Tovuz”un indi 12 xalı olmalı idi…
futbolinfo.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest