Gəncə Şəhər Stadionunda keçirilən "Kəpəz" - "Qəbələ" oyununun gedişində qadağan olunmuş pirotexniki vasitələrdən istifadə edən azarkeş inzibati məsuliyyətə cəlb olunub.

Azərbaycan Premyer Liqasının V turu çərçivəsində sentyabrın 12-də Gəncə Şəhər Stadionunda keçirilən "Kəpəz" - "Qəbələ" oyununun gedişində qadağan olunmuş pirotexniki vasitələrdən istifadə edən azarkeş inzibati məsuliyyətə cəlb olunub. Qarşılaşmanın 64-cü dəqiqəsində stadionun V3 tribunasında məşəl yandıran tamaşaçı polis əməkdaşları tərəfindən saxlanılanaraq, bölməyə aparılıb və onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun pul cəriməsi kəsilib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Gəncə təmsilçisi etik normaları nəzərə alaraq, ölkə qanunvericiliyini, həmçinin Peşəkar Futbol Liqasının stadionlarda tətbiq etdiyi davranış qaydalarını kobud şəkildə pozan həmin şəxsin ad və soyadını, foto və videogörüntülərini yayımlamır.

Bununla belə, klub rəsmiləri bütün futbol həvəskarlarına xatırladır ki, Azərbaycan qanunvericiliyinə görə, pirotexniki vasitələrin satışı, əldə olunması və istifadəsi qadağandır. Pirotexniki vasitələr düzgün istifadə olunmadıqda insanın əlində partlaya və müxtəlif xəsarətlər törədə bilər. Bundan başqa, kütləvi tədbirlərdə bu cür vasitələrin istifadəsi digər şəxslərin həyat və sağlamlığını təhlükəyə atmış olur.

"Kəpəz" PFK Gəncə Şəhər Stadionunda azarkeşlərin oyunları rahat izləməsi, xoş istirahət etməsi üçün qarşıdakı turlarda da bütün səylərini əsirgəməyəcək. Stadionun ərazisində, o cümlədən tribunalarda qaydalara zidd hallar qeydə alınarsa, ictimai asayişi pozan şəxs və ya şəxslər barədə dərhal lazımi tədbirlər görüləcək.

Qeyd edək ki, azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə AFFA-nın İntizam Komitəsi "Kəpəz" klubunu son iki həftədə iki dəfə cərimələyib. Gəncəlilər "Turan Tovuz"la oyundan sonra 3000, "Qəbələ" ilə matçdan sonra isə 5000 manat cərimələnib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest