AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının V turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Komitə sədri V turda qeydə alınan mühüm epizodlara aydınlıq gətirərək referilərin idarəçiliyini qiymətləndirib.
"Kəpəz" – "Qəbələ" oyunun 17-ci dəqiqəsində Qəbələ komandasının hücumçusu topu zərbə endirdikdən sonra rəqib komandanın qapıçısı ilə təmas yaranır və "Qəbələ"nin oyunçusu yerdə qalır. Hakim qapıçının rəqibinə qarşı güc və ya əlavə qeyri-qanuni hərəkət istifadə etmədiyi və bu təmasın normal futbol təması olduğunu nəzərə alaraq doğru olaraq davam işarəsi verib.
"Araz-Naxçıvan" – "Turan Tovuz" matçını 80-ci dəqiqəsində Naxçıvan komandasının hücumçusu rəqib komandanın cərimə meydanında qapıçı ilə mübarizə zamanı toqquşaraq yerə yıxılır. Hakim baş verən təması qayda pozuntusu kimi qiymətləndirərək Tovuz klubunun əleyhinə penalti təyin edir. VAR hakimi protokolu çərçivəsində epizodu yoxlayarkən müəyyən edir ki, qapıçının hücumçu ilə təması normal futbol mübarizəsi xarakteri daşıyır və qapıçı topa aşkar şəkildə əli ilə oynayır. Bu səbəbdən baş hakimi epizodu yenidən monitorda izləməyə dəvət edir.
Baş hakim monitorda epizodu müxtəlif rakurslarda izlədikdən sonra ilkin qərarını dəyişməyərək penalti qərarını qüvvədə saxlayır.
Hakimlər komitəsinin bu epizodla bağlı şərhi belədir: "Qapıçının rəqibə qarşı hər hansı əlavə hərəkəti olmaması və topa aşkar şəkildə oynaması, hücumçu ilə təmasın normal futbol təması olması nəzərə alınaraq penalti qərarının ləğv edilməsi daha düzgün qərar olardı".













