Sabah Azərbaycan Premyer Liqasında VI turun oyunlarına start veriləcək.
Matc.az xəbər verir ki, növbəti tura sentyabrın 18-də, cümə günü keçiriləcək iki qarşılaşma ilə start veriləcək.
Turun açılış matçında "Qəbələ" doğma meydanda "Neftçi"ni qəbul edəcək. Saat 17:30-da başlayacaq bu görüşdən sonra, həmin günün digər oyununda "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Şəfa" klubunu sınağa çəkəcək. Bu qarşılaşmanın start fiti isə saat 19:45-də səslənəcək.
Sentyabrın 19-da, şənbə günü turun daha iki maraqlı görüşü baş tutacaq. Əvvəlcə saat 17:30-da "Turan Tovuz" öz meydanında "Zirə" ilə üz-üzə gələcək. Günün digər matçında isə "Sabah" komandası "Bank Respublika Arena"da "İmişli"ni qəbul edəcək.
VI tura sentyabrın 20-də, bazar günü keçiriləcək son iki qarşılaşma ilə yekun vurulacaq. Günün ilk oyununda "Şamaxı" saat 16:30-da "Araz-Naxçıvan"ı qəbul edəcək. Turun qapanış matçında isə saat 19:00-da "Kəpəz" Gəncə şəhər stadionunda "Sumqayıt"la qarşılaşacaq.








_1789589639.jpeg)




