“Qapıçı tərəfindən toxunuş var idi. Epizoda baxanda dərhal görünür ki, penalti var. Baş hakim epizodu uzun müddət izlədi. Amma ədalətli qərar penalti təyin olunması idi”.
Bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçilərindən biri Zaur İsmayılov “Turan Tovuz”la matçda baş hakim Elçin Məsiyevin mübahisəli penalti qərarını şərh edərkən deyib.
Həmin şübhəli 11 metrlik cərimə zərbəsindən sonra hesabı bərabərləşdirən “Araz-Naxçıvan” məğlubiyyətdən qaçmağı bacardı.
Zaur haqqında vaxtilə xoş sözlər eşitmiş, onu dürüst adam kimi tanımaq istəmişdik. Lakin bu ucuz manipulyasiya və açıq-aydın göz dağı olan haqsızlığı müdafiə etmək həmin dürüstlüyə birdəfəlik xətt çəkir.
Bütün futbol ictimaiyyəti gördü ki, həmin epizodda nəinki penalti yox idi, əksinə, qaydanı pozan elə “Araz”ın futbolçusu idi. Açıq-aşkar səhvi ört-basdır etmək heç də peşəkarlığa yaraşmır.
Zaur həqiqətən dürüst insandırsa, əvvəlcə izah etsin: Elçin Məsiyevlə Müslüm Əliyev niyə məhz ancaq “Araz-Naxçıvan”ın oyunlarına təyinat alır? Bu şübhəli sadiqlik nədən, haradan qaynaqlanır və bu təyinatlar necə reallaşır? Komandanın haqsız üstünlük qazanmasına bəraət qazandırmaq suallar doğurur axı...
Az öncə Hakimlər Komitəsinin sədri Rəhim Həsənov bu epizodla bağlı mövqeyini açıqlayıb. Onun fikrincə, orada heç bir qayda pozuntusu yox idi və penalti səhv təyin edilmişdi. İndi siz deyin, Zaurun açıqlamaları necə görünür?
Necə deyərlər, yalanın ömrü az olar...













