"Milan" "Atalanta"nın mərkəz yarımmüdafiəçisi Ederson Silvanın transferində maraqlıdır.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Bildirilir ki, İtaliya klubu artıq 27 yaşlı braziliyalı futbolçunun agentləri ilə əlaqə saxlayıb.
Ötən günlərdə oyunçunun "Mançester Yunayted"ə keçidi uğursuz tibbi müayinə səbəbindən son anda baş tutmayıb. İngiltərə klubu tamamilə razılaşdırılmış bu transferdən imtina edib. İddialara görə, yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanmalı idi və transfer məbləği 45 milyon avro təşkil edəcəkdi.
Qeyd edək ki, ötən mövsüm "Atalanta"nın heyətində bütün turnirlərdə 41 matça çıxan Ederson 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, Braziliya millisinin heyətində dünya çempionatında 2 oyunda meydana çıxaraq ümumilikdə 20 dəqiqə şans qazanıb.












