"Qarabağ"ın yarımmüdafiəçisi Jali Muaddib Premyer Liqanın IX turunda "Sabah"la keçirilən qarşılaşmadan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, Ağdam təmsilçisinin fransalı futbolçusu oyunun təhlilini aparıb, komandasının hücum xətti haqqında danışıb və çempionluq mübarizəsinə dair iddialı fikirlər səsləndirib.
 
"Qələbə qazana bilərdik"
 
Qolsuz heç-heçə ilə başa çatan matçı dəyərləndirən Muaddib qarşılaşmanın maraqlı alındığını bildirib: "Baxımlı mübarizə izlədik. Biz pis çıxış etmədik, rəqib də öz növbəsində yaxşı oyun nümayiş etdirdi. 'Sabah' keyfiyyətli və güclü komandadır. Buna baxmayaraq, meydançadan qələbə ilə ayrılmaq şansımız var idi. Müəyyən çatışmazlıqlar nəticəyə təsir etdi. Növbəti görüşlərdə üç xal qazanmaq üçün məşqlərdə həmin səhvlər üzərində daha çox çalışmalıyıq."
 
"Problem hücumda deyil, müdafiə xətlərinin gücündədi"
 
Yarımmüdafiəçi hər iki komandanın qol vura bilməməsini müdafiə xətlərinin etibarlı oyunu ilə əlaqələndirib: "Statistikaya nəzər salsanız, hücum xəttimizdə hər hansı problemin olmadığını görərsiniz. Əvvəlki matçlarda kifayət qədər qol vurmuşuq. Sadəcə, bu qarşılaşmada rəqibin müdafiəsi çox intizamlı və güclü idi, topla inamlı davrandılar. Hesabın açılmaması hər iki komandanın müdafiə xəttinin nə dərəcədə yüksək səviyyədə çıxış etdiyini göstərir."
 
"Mübarizə üç deyil, iki komanda arasında keçəcək"
 
Liderlər arasındakı heç-heçələri və çempionluq yarışını şərh edən "Qarabağ"ın futbolçusu yekunda yalnız iki kollektivin zirvə uğrunda çəkişəcəyini vurğulayıb: "İnanmıram ki, çempionluq mübarizəsi sona qədər üç komanda arasında davam etsin. Yekunda yarışda iki kollektiv qalacaq – bunlardan biri mütləq biz olacağıq, digəri isə ya "Neftçi", ya da "Sabah". Təbii ki, mövsümün sonunda qızıl medallara sahib olmaq üçün digər rəqiblərlə matçlarda maksimum xal toplamaq məcburiyyətindəyik",
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest