"Barselona" PSJ-nin maraq dairəsində olan hücumçusu Ferran Torresin transfer qiymətini 50 milyon avro olaraq dəyərləndirir. Lakin müqaviləsinin başa çatmasına 1 il qalan forvard üçün artıq pul ödəmək niyyətində olmayan Paris klubu keçid müqabilində 40 milyon avro təklif etməyə hazırdır.
Matc.az xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.
Bildirilir ki, Ferran Torres "Barselona"dan ayrılmaq istədiyini rəsmən bildirsə, PSJ daha aşağı məbləğ təklif edə bilər. Paris təmsilçisi bu transferdə tələsmək niyyətində deyil və hücumçunun 2026-cı il dünya çempionatında iştirakını başa vurmasını gözləmək qərarına gəlib.
Qeyd edək ki, Torres 2022-ci ilin yanvarından bəri Kataloniya klubunun şərəfini qoruyur. Ötən mövsüm bütün turnirlərdə 49 matça çıxan 26 yaşlı hücumçu 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalında ispaniyalı futbolçunun hazırkı dəyəri 50 milyon avrodur.













