Zlatko Daliç Xorvatiya milli komandasının baş məşqçisi postundan ayrılıb.
Matc.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 59 yaşlı mütəxəssis tarixi uğurlara imza atdığı komandadan öz istəyi ilə gedib.
"Milli komandada işləmək bir çox çətin qərarlar qəbul etməyi tələb edir, lakin bu, şübhəsiz ki, mənim üçün ən çətini idi. Həmişə demişəm ki, öz milli komandana rəhbərlik etməkdən daha böyük şərəf yoxdur. Son günlər aldığım dəstək məni getmək qərarıma yenidən baxmağa sövq etdi, lakin artıq vaxtdır. Bu inanılmaz eranı başa vurmaq üçün doğru məqamdır", - deyə Daliç bildirib.
Qeyd edək ki, 2017-ci ildən Xorvatiyaya rəhbərlik edən mütəxəssis komandaya 2018-ci ildə Rusiya Federasiyasında keçirilən dünya çempionatında gümüş, 2022-ci ildə Qətərdə bürünc və 2023-cü ildə Millətlər Liqasında gümüş medal qazandırıb. Yığma 2026-cı il dünya çempionatında mübarizəni 1/16 finalda Portuqaliyaya uduzaraq dayandırıb.












