Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo komandasının 2026-cı il dünya çempionatından kənarlaşmasından sonra dünya birincilikləri tarixində məğlubiyyət sayına görə antirekordu təkrarlayıb.
Matc.az xəbər verir ki, "ESPN" nəşri məlumat yayıb.
1/8 final mərhələsinin matçında Portuqaliya İspaniyaya 0:1 hesabı ilə uduzaraq dünya çempionatında mübarizəni dayandırıb. 41 yaşlı hücumçu üçün bu uğursuzluq dünya çempionatlarında səkkizinci məğlubiyyət olub. Bununla da Ronaldo mundiallarda ən çox məğlub olan futbolçuların antirekorduna şərik çıxıb.
Onunla yanaşı Son Xin Min, Antonio Karbahal, Xon Men Bo və Metyu Lekki də dünya çempionatlarında səkkiz məğlubiyyət yaşayıblar.
İspaniya ilə oyundan sonra meydanda göz yaşlarını saxlaya bilməyən Ronaldo bu dünya çempionatının onun üçün sonuncu olduğunu təsdiqləyib. Karyerası ərzində dünya birinciliklərində 27 matça çıxan portuqaliyalı hücumçu bu göstəricidə yalnız Lionel Messidən geri qalır.
O, dünya çempionatlarında 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Ronaldo dünya çempionatları tarixində pley-off mərhələsində qol vuran ən yaşlı oyunçu ünvanına da sahibdir.













