"Qələbə üçün gücümüzü göstərməyə çalışacağıq".
Gürcüstanın "Torpedo" (Kutaisi) komandasının baş məşqçisi Dirk Şuster UEFA Konfrans Liqasının I təsnifat mərhələsində "Zirə"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, 58 yaşlı mütəxəssis Sumqayıtdakı qarşılaşma öncəsi rəqibin üstün tərəflərini qeyd edib:
"Azərbaycana ilk dəfədir gəlirəm. Rəqibə hörmətlə yanaşıram. Bura gələndə bir az problemlə üzləşdik. "Zirə" cütün favoritidir. Hər şey meydanda həll olunacaq. Meydanda əlimizdən gələni edəcəyik. Rəqibi təhlil etmişik. Qələbə üçün gücümüzü göstərməyə çalışacağıq".
Təcrübəli mütəxəssis rəqibin turnirə "Turan Tovuz"un cəzası səbəbindən vəsiqə qazanmasına və öz hazırlıq proseslərinə də toxunub:
"Həmin komandanı tanımasaq da, Qurban Berdiyevi tanıyıram. Futbolun qanunları var və "Turan Tovuz" cəza ilə üzləşib. Biz də avrokuboka çox hazırlaşa bilməmişik. Bir neçə gün öncə Gürcüstan Superkubokunun qalibi olduq. Komandamız ağır, sıx qrafiklə oynayır".
O, daha əvvəl ölkəmizdə fəaliyyət göstərən həmyerlilərini də xatırladıb:
"Azərbaycanda çox alman mütəxəssis işləyib. Berti Foqtsla əlaqəm olub. Hazırda ölkənizdə Almaniya məktəbi keçən oyunçular da var. Onlar təcrübəli insanlardır".













