Braziliya millisinin ulduz vingeri Neymar futbol üzrə dünya çempionatlarında əfsanəvi Pelinin rekordunu təkrarlayaraq, bu nailiyyətə imza atan yeganə braziliyalı futbolçu olub.
Matc.az xəbər verir ki, "Santos"un yetirməsi olan təcrübəli oyunçu cari dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində Norveçə məğlub olduqları (1:2) görüşün son saniyələrində penaltini dəqiq yerinə yetirməklə fərqlənib və bununla da tarixdə 4 fərqli mundialda qol vuran ikinci Braziliya oyunçusu ünvanını qazanıb.
Ulduz futbolçu daha əvvəl 2014, 2018 və 2022-ci illərdə keçirilən analoji turnirlərdə də rəqib qapılarına yol tapmağı bacarıb.
Neymar dünya çempionatlarında ümumilikdə 15 qarşılaşmada meydanda olub və bu oyunlarda aktivinə 13 məhsuldar xal yazdırıb.
Tarixi rekordu təkrarlayan ulduz futbolçu eyni zamanda Braziliya milli komandasındakı karyerasını başa vurmaq barədə qərar qəbul edib. 1/8 finaldakı uğursuzluqdan sonra açıqlama verən vinger yığmadakı dövrünün artıq bitdiyini elan edib. Futbolçunun milli komandada keçirdiyi ilk və son qarşılaşmanın eyni stadionda baş tutması isə diqqət çəkən rəmzi məqam olub.
Təcrübəli vinger vida matçının ardından bu fikirləri səsləndirib: "Mən təkrar-təkrar cəhd etdim. Hər şey burada, "Met-Layf" stadionunda başladı və mən elə burada da bitirdim. İndi hər şey geridə qaldı".
Neymar Braziliya yığmasının heyətində bütövlükdə 130 rəsmi oyuna çıxıb, 80 qol vurub və 59 məhsuldar ötürmə müəllifi olub. O, hər iki göstəricidə ölkə futbolu tarixinin mütləq rekordçusudur. Onun üçün sonuncu olan cari dünya çempionatında futbolçu ümumilikdə 2 matçda şans qazanıb və Norveçlə görüşdə komandasının yeganə təsəlli qoluna imza atıb.












