Meksika milli komandasının DÇ-2026-nın 1/16 final mərhələsində Ekvadora qarşı keçirdiyi oyundan (2:0) əvvəl məşhur bloger Stiven Deleonardis yığmanın düşərgəsini ziyarət edərək bütün futbolçulara və məşqçilər heyətinə "Rolex" saatları hədiyyə edib.

Matc.az xəbər verir ki, influenser bu barədə özünün yutub kanalında məlumat paylaşıb.

Bloger hər saatın qiymətinin 30 min ilə 90 min dollar arasında olduğunu və kolleksiyanın ümumi dəyərinin 1 milyon dollar təşkil etdiyini bildirib. O, bu addımını əvvəllər Meksikada yaşaması və Meksika yığmasının Ekvador üzərindəki qələbəsinə 2 milyon dollar pul qoyuluşu etməsi ilə əlaqələndirib. Bu qələbə ona əlavə 1 milyon dollar qazandırmalı idi.

Lakin sonradan Meksika milli komandası blogerin hədiyyə etdiyi saatları qarşılıqlı razılıq əsasında geri qaytarmaq qərarına gəldiyini bəyan edib.

FİFA-nın Etika Məcəlləsinin 21-ci maddəsi simvolik və ya cüzi dəyəri olmayan hədiyyələrin verilməsini və qəbul edilməsini, həmçinin maraqlar toqquşması yaradacaq şəkildə təsir vasitəsi kimi istifadə olunmasını qadağan edir. Bu maddənin pozulması ən azı 10 min İsveçrə frankı (12 500 dollar) məbləğində cərimə və 2 ilə qədər futboldan uzaqlaşdırılma ilə nəticələnə bilər.

Meksika millisi DÇ-2026 turnirinin 1/8 final mərhələsində İngiltərəyə qarşı mübarizə aparacaq. Qarşılaşma iyulun 6-da Bakı vaxtı ilə saat 04:00-da start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest