Aprel-may ayları yaxınlaşdıqca bir çox ölkədə futbol həyəcanı pik həddə çatır. Məhz bu dövrdə komandaların çempionluq və kubok uğrunda amansız mübarizəsi, avrokuboklara vəsiqə qazanmaq istəyi nəticənin təkcə meydanda deyil, pərdəarxasında gedən oyunlarla da müəyyənləşməsi mövzusunu gündəmə gətirir. Ölkəmizdə ən populyar idman növü olan futbol, son günlərdə ictimaiyyətin ən çox müzakirə etdiyi əsas mövzulardan biridir. “Sabah”ın “Qarabağ”ın hegemonluğuna son qoyaraq tarixində ilk dəfə çempionluğa çox yaxın olmasının, həmçinin dörd komandanın ölkə kubokunu qazanmaq uğrunda apardığı amansız mübarizənin şahidi oluruq.
Əvvəl necə idi?

İctimai TV birbaşa dövlət büdcəsindən maliyyələşən qurumdur. «İctimai televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 7.1.1-ci maddəsində (İctimai yayımçının vəzifələri bölməsində) qeyd olunub ki, yayımçı «ölkədə və dünyada baş verən mühüm hadisələr, dövlət orqanlarının, bələdiyyələrin, siyasi partiyaların, ictimai birliklərin, dini qurumların və kommersiya təşkilatlarının fəaliyyəti barədə vətəndaşların qərəzsiz və tarazlaşdırılmış informasiya almaq hüququnun həyata keçirilməsini» təmin etməlidir. İnsafən qeyd edək ki, ölkədə iki ixtisaslaşmış idman kanalı olmasına baxmayaraq, İTV Yay-Qış Olimpiya Oyunları, Paralimpiya Oyunları, futbol üzrə Avropa və Dünya çempionatlarının seçmə mərhələləri, Çempionlar Liqası kimi nüfuzlu yarışları və digər möhtəbər idman tədbirlərini yayımlamaqla digər kanallardan geri qalmır.

Kanal zaman-zaman müxtəlif tok-şoular və idman verilişləri (“Sabaha saxlamayaq”, “Diqqət mərkəzi”, “Bol İdman”) vasitəsilə üzərinə düşən missiyanı artıqlaması ilə yerinə yetirir. Ancaq təəssüf ki, son vaxtlarda ölkə futbolunda baş verən hadisələrə ya bilərəkdən, ya da digər mövzuların daha prioritet olması səbəbindən kifayət qədər diqqət ayrılmır. AFFA-nın əvvəlki rəhbərliyi dövründə istər milli komanda məğlub olanda, istərsə də futbolumuzdakı digər çatışmazlıqlar üzə çıxanda bəzən həftədə iki dəfə canlı yayımlar təşkil edilir, sahənin ekspertləri efirə dəvət olunmaqla gündəmin nəbzi tutulurdu. Təəssüf ki, son hadisələr fonunda artıq bunun şahidi olmuruq.

Niyə bugünün işini "Sabaha saxlayırıq"?

İTV-nin ən çox izlənilən və gündəmin nəbzini tutan layihələrindən biri "Sabaha saxlamayaq" verilişidir. Əvvəlki dövrlərdə ölkə futbolunda baş verən hadisələrin ekspertlərlə müzakirə edildiyi bu proqramda tərəflərin maraqları qorunur, ictimaiyyətə geniş, dolğun və tərəfsiz məlumat təqdim edilirdi. Hazırda futbol ictimaiyyətinin, hətta bütün ölkənin ən çox müzakirə etdiyi məsələlərdən biri ölkə kubokunun “Turan Tovuz” – “Zirə” qarşılaşmasında baş verən hakim səhvləri və bununla bağlı yaranmış gərginlikdir (“Turan Tovuz” klubunun İdarə Heyəti sədrinin açıqlaması, AFFA Hakimlər Komitəsinin epizodları şərh etməsi, federasiyanın atdığı addımlar və s.). Ölkə futbol gündəmini sirkələyən bir hadisənin İTV səviyyəsində müzakirə olunmaması, gündəmə gətirilməməsi və görməzdən gəlinməsi təəssüf doğurur. İTV bu addımı ilə ictimai yayımçı vəzifələrinə və öhdəliklərinə xələl gətirir, onları yerinə yetirmir.
Hələ də gec deyil!

İTV tərəfsizliyini qoruyaraq və ictimai yayımçı vəzifələrini rəhbər tutaraq baş verən hadisələrə işıq tuta bilər. "Sabaha saxlamayaq" verilişində "Turan Tovuz", AFFA və PFL nümayəndələri ilə yanaşı, sahə üzrə ekspertlərin, idman jurnalistlərinin də iştirakını təmin etməklə tərəflərin maraqlarını qoruya və tarazlığı bərpa edə bilər. Əsas sual isə budur: İTV bunu istəyirmi?

SAMİR

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest