"Çelsi"nin yarımmüdafiəçisi Entso Fernandes London klubunun Çempionlar Liqasına vəsiqə qazana bilməməsindən sonra komandasını dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə britaniyalı jurnalist Ben Ceykobs məlumat yayıb.

Argentina millisinin heyətində dünya çempionu olan futbolçu qitənin ən nüfuzlu klub turnirində çıxış etmək istəyir. "Çelsi" isə Premyer Liqada mövsümü 10-cu pillədə başa vurub.

Fernandesin "Real"a mümkün keçidə müsbət yanaşdığı bildirilir. Bundan əlavə, futbolçunun ətrafı ilə "Mançester Siti" arasında ilkin qeyri-rəsmi təmaslar baş tutub.

Pep Qvardiolanın gedişindən sonra Entso Mareskanın Mançester klubunun baş məşqçisi təyin edilməsi ehtimalı da bu keçiddə əlavə faktor ola bilər. Argentinalı futbolçu Mareska ilə artıq "Çelsi"də birlikdə çalışıb.

​Digər klubların marağına baxmayaraq, "Çelsi" rəhbərliyi komandanın liderlərindən birini asanlıqla buraxmaq niyyətində deyil. Londonlular 25 yaşlı yarımmüdafiəçi üçün yalnız yüksək məbləğli təklifləri nəzərdən keçirməyə hazırdırlar.

Entso Fernandesin "Çelsi" ilə müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı onun transfer dəyərini 90 milyon avro olaraq qiymətləndirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest