Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin 2026-cı il dünya çempionatında iştirakı ilə bağlı məlumat paylaşıb.
Matc.az xəbər verir ki, Skaloni Messinin iştirakını təmin etmək üçün əlindən gələni edəcəyini deyib:
"Bu, daha çox ona ünvanlanan sualdır, amma mənim fikrimi artıq bilirsiniz. Onun orada olmasını təmin etmək üçün əlimdən gələni edəcəyəm".
Məşqçi qeyd edib ki, son qərar yalnız oyunçunun fiziki və zehni vəziyyətindən asılıdır:
"İnanıram ki, o, futbol naminə orada olmalıdır, amma qərar vermək məndən asılı deyil. Hər şey ondan - əhval-ruhiyyəsindən və fiziki hazırlığından asılıdır. Bu çətindir, çünki təkcə argentinalılar deyil, hamı onu görmək istəyir".
Məşqçi həmçinin əlavə edib ki, məşqçilər heyəti oyunçunu seçim etməyə tələsdirmir və onun qərarını qəbul edəcək:
"Heyətdə olanda məşqçi kimi bizim də bir dilemmamız var: bütün matçı oynaya bilərmi, yoxsa yox. Onu orada istəyirəm, amma bu, ondan asılıdır. Burada dayanıb "görək onu seçəcəyəm, ya yox" deməyəcəyəm.
Onun təmkinlə qərar vermək haqqı var. Biz tələsmirik. Bilirik ki, onun nə qərar verməsindən asılı olmayaraq, həm özü, həm də komanda üçün ən yaxşısı olacaq. Ümid edirik ki, orada olacaq, amma daha çox şey deyə bilmərəm".
Xatırladaq ki, Messi qarşıdan gələn dünya çempionatında oynamaq istədiyini bildirmişdi. Hücumçu qeyd edib ki, ən pis ssenaridə turnir ölkəsi üçün xüsusi olduğundan, oyunları canlı izləyəcək.
2026-cı il dünya çempionatı bu yay üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.












