"Turan Tovuz" klubu ev oyunlarını Sumqayıtda keçirəcək.

Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, daha əvvəl Tovuz şəhər stadionunun ot örtüyündə yaranmış problemlə əlaqədar Peşəkar Futbol Liqası tərəfindən "Turan Tovuz"un ev oyunlarını müvəqqəti olaraq "Azərsun Arena"da keçirməsinə icazə verilib:

"Klubun Tovuz şəhər stadionuna qayıtması öncədən test oyununun keçirilməsi şərti ilə Misli Premyer Liqasının XXV turunun oyununa planlaşdırılıb. Son aparılan təhlillər, mütəxəssis rəyləri və klubun rəsmi müraciətinə əsasən, stadionun oyuna hazır vəziyyətə gətirilməsinin ən tez aprel ayının ortalarında mümkün ola biləcəyi müəyyənləşib. "Turan Tovuz" klubunun müvəqqəti olaraq çıxış etdiyi "Azərsun Arena"nın da təmirə bağlanması səbəbindən ("Turan Tovuz"un bu stadiondan yalnız fevralda istifadə edəcəyi əvvəlcədən rəsmi şəkildə bildirilmişdi) sözügedən turun oyununun, həmçinin Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək ev qarşılaşmasının Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkili ilə bağlı Peşəkar Futbol Liqasına müraciət daxil olub.

Tovuz şəhər stadionundakı mövcud durum, klubun müraciəti, eləcə də "Sumqayıt" klubunun razılıq məktubu nəzərə alınaraq Peşəkar Futbol Liqası tərəfindən "Turan Tovuz" klubunun Misli Premyer Liqasının XXV turunun qarşılaşmasını və Azərbaycan Kubokunun yarımfinal mərhələsindəki ev oyununu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirməsinə qərar verilib. Sözügedən qarşılaşmalardan sonra Tovuz şəhər stadionunun ümumi vəziyyəti yenidən qiymətləndiriləcək və XXVI turdan etibarən komandanın ev oyunlarının Tovuz şəhər stadionunda keçirilib-keçirilməməsi ilə bağlı əlavə qərar qəbul olunacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest