“Kəpəz” altıncı turda da darmadağın oldu. Gəncə təmsilçisi dünən “Turan Tovuz”a 0:3 hesabı ilə uduzmaqla, son pillədə yerini bir qədər də möhkəmləndirdi.

Bəlli olduğu kimi, “Kəpəz”in İdarə Heyətinin sədri Adil Vəliyev Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi Adnan Əhmədzadənin ən yaxın adamlarından sayılır. Klubun transfer məsələləri isə Adil Vəliyevin qohumu Erkin İbrahimovun nəzarətindədi.

Öncə vurğulayaq ki, Erkin bəyin istəyilə komanda 8 legionerlə müqavilə bağlayıb. Bunlar Mahamadu Ba (2 il: 85.000 $ / 90.000 $), Luis Paçu (2 il: 80.000 $ / 90.000 $),  Adama Fofana (2 il: 80.000 $ / 85.000 $), Pedro Qomes (2 il: 75.000 $ / 85.000 $), Vitor Feijao (2 il: 55.000 $ / 70.000 $), Cefferson Bentu (1 il: 70.000 $), Kaçper Rosa (1 il: 70.000 $) və Otar Aptsiauridi (1 il: 45.000 $).

Düzdü, klub bu rəqəmlərin şişirdilmiş olduğunu iddia edir. Onların mövqeyinə hörmətlə yanaşsaq da, futbolçularla müqavilələrin detallarının dəqiqliyinə şübhəmiz yoxdu. Siyahının yanlış olduğunu əsas gətirirlərsə, sübut üçün düzgün olanı təqdim etsinlər, tirajlamağa canla-başla hazırıq. Amma dəqiq olanı odu ki, həmin legionerlərlə arxada 6 oyunda 6 məğlubiyyət qalıb, komanda 19 top buraxıb ki, bu da hər oyuna üçdən çox top deməkdi.

Transfer siyasəti tam fəlakətdi. Od qiymətinə keyfiyyətsiz legioner gətirmək, nəinki məsuliyyətsizlik, vaxtilə ölkə futbolunun simvolu olan “Kəpəz”in tarixinə xəyanətdi.

Görünən nədi?

İdarəçilik fiaskodu! İdarə Heyətinin üzvləri - Adil Vəliyev, Fərman Əlizadə, Afiq Süleymanovun bu günə ortaya qoyduqları “əsər”in qiyməti sıfıra bərabərdi. Bu rəhbərlik klubun ən böyük məğlubiyyətidi. Rüsvayçı yenilgilər üzündən “Kəpəz” adının böyüklüyü nəticələrin kiçikliyində itmək üzrədi.

Nə azarkeşin səsinə dəyər verirlər, nə klubun keçmişinə, nə də dəyərlərinə. Hər həftə yeni biabırçılıq, növbəti məğlubiyyət... hələ qarşıda çempion, amansız “Qarabağ”la qarşılaşma var.

Ən pisi isə odu ki, rəhbərlik sıfır nəticəyə baxmayaraq, kreslosundan yapışıb qalmaqda davam edir. Cavabdehlər ortalıqda yoxdu, sanki Kəpəzə qalxıblar, qabağa köməkçi məşqçi Xaliq Mərdanovu salıblar. O da deyir ki, futbolçularda məğlubiyyət ruhu var, kimsə gələr, intizam yaradar.

Gəncədə “Kəpəz” fanatı olan xeyli qohum-dostlarımız var, bu biabırçılığı, uğursuzluğu çətin unudarlar. Onlar artıq yaxşı bilirlər -  klubun ən böyük rəqibi meydanda deyil, idarəçilikdədi...

6 oyun, 6 məğlubiyyət – bu, tək “Kəpəz”in göstəricisi deyil, İdarə Heyətinin, idarəetmə, düşüncə tərzinin uğursuzluğudu. Uğursuzluq isə təsadüfi olmur. Komandanın mənafeyini düşünməyib, “transferlərdən qazanım” deməklə, düzəlməz bu işlər...

 

SAMİR

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest