"İnanıram ki, baş məşqçinin tapşırıqlarını dəqiqliklə yerinə yetirsək, istədiyimiz nəticəni qazanacağıq".
Mən sadəcə oyuna çıxmaq və hər zamankı kimi öz işimi görmək haqqında düşünürəm. Komandamızı çətin sınaq gözləyir, lakin biz buna hazırıq.
Matc.az xəbər verir ki, bu sözləri İsrailin “Hapoel” (Beer-Şeva) komandasının qapıçısı Ofir Marsiano UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Sabah”a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
34 yaşlı qolkiper matçın əhəmiyyətindən və komandanın hədəflərindən danışıb: “Meydanda nə etməli olduğumuzu bilirik. İnanıram ki, baş məşqçinin tapşırıqlarını dəqiqliklə yerinə yetirsək, istədiyimiz nəticəni qazanacağıq. Xəyal qurmaq insanın təbiətində var. Həmişə daha böyük məqsədlərə çatmaq istəyirsən. Uğur qazanmaq həm şəxsən mənim, həm də klubdakı hər kəs üçün ən sevindirici məqamlardan biri olar. Lakin hələ yolun yarısındayıq. Sabah bizi çox vacib qarşılaşma gözləyir, tamamilə bu oyuna fokuslanmışıq və matçın məsuliyyətini yaxşı dərk edirik”.
O, yaxşı nəticəyə ümid etdiklərini bildirib: “Düşünürəm ki, biz həqiqətən çox yaxşı komandayıq. Əlimizdə olan resurslardan və futbolçuların imkanlarından düzgün istifadə edirik. Öz gücünü və dəyərini bilən, yaxşı futbol oynamağı bacaran, eyni zamanda daim inkişaf etməyə çalışan bir komanda formalaşdırmışıq. Əsas olan da budur. Oyunun sonunda nələrin baş verəcəyini və bunun bizi hansı nəticəyə aparacağını bilmirik. Amma indiyədək ümumilikdə çox yaxşı nəticələr əldə etdiyimiz üçün şadam. Ümid edirəm ki, bu istiqamətdə işimizi davam etdirə biləcəyik”.
Qeyd edək ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Sabah" - "Hapoel" matçı saat 20:45-də başlayacaq. Səfərdə baş tutan ilk oyunda İsrail təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

_1787601129.jpeg)











