Azərbaycan Respublikasının Dövlət Bayrağı sadəcə üç rəngdən ibarət bir dizayn deyil.

Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsinə əsasən dövlət rəmzlərindən biridir.

“Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” 2 noyabr 2018-ci il tarixli 1331-VKQ nömrəli Konstitusiya Qanununun 1.1-ci maddəsinə əsasən Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarətdir: yuxarıda mavi, ortada qırmızı, aşağıda yaşıl rəng. 1.2-ci maddəyə əsasən isə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz yerləşdirilməlidir.

Qanunun 2.1-ci maddəsi isə açıq şəkildə bildirir ki, Dövlət Bayrağı ölçüsündən asılı olmayaraq müəyyən edilmiş rəngli və sxematik təsvirə uyğun gəlməlidir.

Bundan əlavə, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə Dövlət Bayrağı və onun təsviri, ölçüsündən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Fotoda isə “Şəfa”nın formasının yaxa hissəsində Azərbaycan bayrağının rəngləri mavi-qırmızı-yaşıl ardıcıllığı ilə şaquli formada təqdim olunub.

Əgər Dövlət Bayrağının təsviri şaquli istiqamətdə 90° çevrilmiş formada istifadə edilirsə, onun rəng ardıcıllığı soldan sağa yaşıl-qırmızı-mavi olmalıdır. Fotodakı təsvir isə bunun əksidir, mavi-qırmızı-yaşıl.

Burada söhbət “rənglərin üçü də var, nə fərqi var?” yanaşmasından getmir. Dövlət rəmzlərinin təsviri qanunla müəyyən edilmiş dəqiq formaya malikdir.

Üstəlik, Azərbaycan Dövlət Bayrağının təsvirinin istehsal və çap zamanı müəyyən edilmiş rəng standartlarına uyğunluğu da ayrıca normativ tələblərlə tənzimlənir.

“Şəfa” kimi Azərbaycan futbolunu ölkə daxilində və beynəlxalq səviyyədə təmsil etmək iddiasında olan klubun oyun formasında Dövlət Bayrağının belə yanlış təqdim edilməsi ən azı ciddi dizayn və nəzarət səhvi kimi qiymətləndirilməlidir.

Dövlət rəmzinə hörmət yalnız matçdan əvvəl himn oxunarkən və ya bayraq meydanda qaldırılarkən göstərilmir. Formanın üzərində istifadə olunan milli simvol da düzgün təsvir edilməlidir.

Ümid edək ki, klub bu texniki səhvi aradan qaldıracaq. Əgər yanlışın ciddiliyini anlasalar.

Bu klub Səudiyyə Ərəbistanında, Birləşmiş Ərəb Əmirliklərində və ya başqa ölkədə fəaliyyət göstərmir. Bu, Azərbaycan klubudur. Formanın üzərində Azərbaycan Bayrağı varsa, onun düzgün təsvir olunmasına xüsusi diqqət göstərilməlidir.

26 may 2026-cı ildən Əfran İsmayılov “Şəfa”nın vitse-prezidentidir.

Klubun öz açıqlamasında onun zəngin futbol təcrübəsi və idarəçilik bacarığının klubun inkişafına töhfə verəcəyinə inam ifadə olunub.

Buna görə sual yaranır: belə fundamental bir detal niyə klubun rəhbərliyi tərəfindən əvvəlcədən yoxlanılmayıb?

Konkret olaraq heç kimin diplomu, şəxsi təhsili və ya intellektual səviyyəsi haqqında hökm vermək niyyətində deyilik. Amma rəhbər vəzifə tutan şəxsin məsuliyyət dairəsinə belə məsələlər də daxildirsə, dövlət rəmzinin klub formasında yanlış təqdim olunması həmin idarəetmənin peşəkarlığı və nəzarət mexanizmləri barədə ciddi suallar yaradır.

Çünki ambisiyalı klub qurmaq yalnız bahalı futbolçu transfer etmək, legioner gətirmək və Premyer Liqada oynamaqdan ibarət deyil.

(sportinfo.az)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest