Səhvlərimizdən dərs çıxardığımıza və müvafiq düzəlişlər etdiyimizə inanıram. Bütün futbolçularım tam sağlamdır və meydana çıxmağa hazırdırlar. Bu oyunu səbirsizliklə gözləyirik.
Matc.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) komandasına qarşı keçirəcəkləri cavab oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis ilk matçda 1 top fərqi ilə geridə olduqlarını xatırlatsa da, nikbinliyini qoruduğunu vurğulayıb: “Azarkeşlərimizin dəstəyi və stadiona gələcək fanatlarla durumu öz xeyrimizə dəyişə biləcəyimizə inanıram. Komandamın ən yaxşı oyununu nümayiş etdirəcəyinə ümid edirəm. Tofiq Bəhramov adına Respublika Stadionunda oynayacağıq. Bilirsiniz ki, "Bank Respublika Arena" daha çox azarkeş tutumuna malik deyil, amma biz burada tribunanın tam dolmasını gözləyirik. Oyunçularım peşəkardır, harada oynamağın fərqi yoxdur. Meydança hər yerdə eynidir. Bu stadiona və azarkeşlərin yaradacağı fantastik atmosferə bələdik. Bu, unudulmaz bir oyun olacaq”.
Avrokubok təcrübəsinə toxunan baş məşqçi komandasının psixoloji cəhətdən matça hazır olduğunu bildirib: “Keçmişdə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışam, Çempionlar Liqasının pley-off mərhələsində oynamışam, yəni bu, ilk deyil. Bir neçə il əvvəl də baş verib. Əminəm ki, kifayət qədər təcrübəyə və biliyə sahibəm. Ümid edirəm ki, bunu komandaya ötürə biləcəyəm və onlar da sabah mümkün olan ən yaxşı oyunu nümayiş etdirəcəklər. Bu, sadəcə, növbəti bir oyundur. Əla mövqedə olduğumuza, həqiqətən, inanıram. İstənilən məşqçiyə evdəki həlledici matçdan öncə cəmi 1 qol geridə olmaqla Çempionlar Liqasının pley-offunda oynamağı təklif etsəniz, heç kim buna “yox” deməz. Kimliyindən asılı olmayaraq, hər kəs bunu qəbul edərdi. Biz də istisna deyilik. Özümüzə və gücümüzə inanırıq. Səfərdən qayıtdıqdan sonra çox keyfiyyətli məşqlər keçdik. Rəqibi və etdiyimiz səhvləri təhlil etdik. Diqqətimiz bu oyuna yönəlib. Bu, sadəcə, oynamalı və qalib gəlməli olduğumuz növbəti matçdır”.
Valdas Dambrauskas ilk matçda yol verilən səhvlərdən dərs çıxardıqlarını və taktikada müəyyən dəyişikliklər olacağını diqqətə çatdırıb: “Sizə ilk 11-liyi və ya nələri dəyişəcəyimizi deyə bilmərəm. Amma aydındır ki, ilk görüşdə rəqibə çox top nəzarəti vermişdik. Topsuz oynayarkən bir az məyus olduq, çünki bu bizim üçün gözlənilməz idi. Hətta keçən mövsüm “Qarabağ”a qarşı belə topa bu qədər az nəzarət etdiyimiz bir qarşılaşma olmamışdı. Rəqibə tərif düşür, lakin düşünürəm ki, top bizdə olmasa belə, oyuna psixoloji olaraq daha yaxşı nəzarət etməli, əlimizə düşən imkanlardan istifadə etməliyik. Əlbəttə, bir az şans da bizim tərəfimizdə olmalıdır. İlk oyunda gördüyünüz kimi, rəqibin vurduğu qollarda, xüsusən də ilk qolda bəxtləri gətirdi. Hətta ondan əvvəl rəqibin ciddi bir təhlükə yaratdığını düşünmürəm. Sabah daha yaxşı olacağıq və onlara qarşı ilk matçda olduğu kimi səhvlərimizdən dərs çıxarıb, daha yaxşı oynaya bildiyimizi göstərəcəyik”.
Baş məşqçi hər cür ssenariyə hazır olduqlarını da qeyd edib: “Hər şey ola bilər. Məlum məsələdir ki, əlavə vaxt, penaltilər qeydə alına bilər. Bu futboldur, bu mərhələdə hər şey mümkündür. Amma, həqiqətən, ümid edirəm və inanıram ki, məsələni əlavə vaxta qalmadan həll edə biləcəyik”.
Qeyd edək ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Sabah" - "Hapoel" matçı saat 20:45-də başlayacaq. Səfərdə baş tutan ilk oyunda İsrail təmsilçisi 2:1 hesablı qələbə qazanıb.




_1787601129.jpeg)








