"Avrokubok matçları həmişə önəmli və həyəcanlı olur".
Matc.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib.
Mütəxəssis Bakıda Sloveniyanın "Çelye" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Biz də bu matçı səbirsizliklə gözləyirik. Rəqibin böyük təcrübəsi var. Ötən mövsüm avrokuboklarda sürprizlər edib. Azarkeşlərimizi stadiona dəvət edirəm. Söz verirəm ki, ən yaxşı oyunumuzu göstərəcəyik"
Dambrauskasın sözlərinə görə bu cür qarşılaşmalarda kiçik detallar həlledici olur:
"Rəqibi təhlil edirik. Qısa informasiyamız var. Çünki ötən mövsümdəki əsas oyunçularından bəziləri ilə yolları ayırıblar. Həm də cəmi bir yoxlama oyunu keçiriblər. Bunlar müsbət məqamlardır. Amma mövsümün əvvəlində komandaların durumu tam aydın olmur. Öz kollektivimi gördüm, necə istəkli olduqlarını hiss etdim. İnanıram ki, belə istəklə çalışmağa davam etsək, yaxşı nəticələr əldə edə bilərik".
Qeyd edək ki, iyulun 10-da "Bank Respublika Arena"da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. (Report)