Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisi dünən 2 məşq keçib. Matc.az xəbər verir ki, axşam çalışmasından sonra komandaya sonuncu qoşulan Eduardo Borges federasiyanın rəsmi saytına müsahibə verib.
 
- Dekabrda Ukrayna ilə oyunlarda zədəli olduğuna görə iştirak etmədin. Özünü necə hiss edirsən?
- Ciddi zədə deyildi. Həkimlər dizimə müalicə əhəmiyyətli gel vurmuşdular. Buna görə də 10-12 gün intensiv hərəkət etməməli idim. Bu səbəbdən də Ukrayna ilə oyunları buraxmalı oldum. Avropa çempionatının final mərhələsində komandama kömək etmək daha vacibdir. İndi özümü yaxşı hiss edirəm.
 
- Məşqlər necə gedir?
- Plana uyğun olaraq hazırlaşırıq. Çalışırıq ki, baş məşqçinin istədiklərini yerinə yetirək. 8-9 aydan sonra komandaya qoşuldum, əla atmosfer var. Hamı istəklidir. Məşqlərdə çox çalışırıq ki, oyunlarda bəhrəsini görək.
 
- Komandanı rəsmi oyunlara hazır saymaq olarmı?
- Bu barədə tələsməyək. Bakıda hələ 2 məşqimiz var. Ondan sonra Belçika ilə oynayacağıq. Həmin görüş zəif cəhətlərimizi ortaya çıxaracaq. Belçika ilə matçdan sonra da vaxtımız olacaq.
 
- Əsas çatışmazlıq fiziki, yoxsa taktiki hazırlıqla bağlıdır?
- Fiziki hazırlığımız yaxşıdır. Taktiki planda çox çalışmalıyıq. Eyni zamanda standartlar üzərində də işləməliyik. Mən Belçika, Qalo və Rafael İspaniya, Tyaqo və Fineo isə Fransa çempionatında çıxış edirlər. Həm biz, həm də “Araz-Naxçıvan”da oynayan futzalçılar indi eyni sistemdə yer almalıyıq. Bunun üçün də çox məşq etməliyik. Yəni zamana ehtiyac var, vaxtımız isə çox azdır.
 
- Federasiya prezidenti Zaur Axundov komanda üzvləri ilə görüşdü. Nə dedi?
- Hər zamankı kimi, məşq prosesi, hazırlığımızla, zədəli olub-olmamağımızla maraqlandı. Təbii ki, rəhbərlik hər zaman bizdən daha yaxşı nəticə istəyir. Bu cür yarışda nəticə çox önəmlidir. İlk matçda daha yaxşı oynamalıyıq.
 
- Qrupumuzun açılış oyununda Gürcüstan yığması ilə qarşılaşacağıq. Təqvimi uyğun hesab edirsənmi?
- Çətin qrupda yer aldığımızı gizlədə bilmərəm. Gürcüstan millisi debüt etsə də, heyətini gücləndirib. Yeni futzalçıları var. Çoxlu yoldaşlıq oyunları keçiriblər. Əvvəlki oyunları ilə indiki çıxışları arasında xeyli fərq var. Bu duelin favoriti onlardır. Debütant olduqlarına görə çox istəklidirlər. Əlbəttə, bunlar oyundan əvvəlki düşüncələrimdir.
 
- Rəqibin oyunlarını izləmisən?
- Əlbəttə, izləmişəm. Ümumiyyətlə, asan oyun olmur. Gürcüstan millisi ilk dəfə bu mərhələyə yüksəlib. Çox istəklidirlər, yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcəklər. Həm də onların aparıcı oyunçularından Roninyo ilə bir klubda çıxış edirəm. Onunla müəyyən söhbətlərimiz olub.
 
- Roninyo bir qrupda yer almağımızı özləri üçün necə dəyərləndirib?
- Püşk atıldıqdan sonra onun da fikrini soruşdum. Açığı, istəmirdi.
 
- Heç İspaniya, Bosniya və Herseqovina haqda danışan yoxdur..
- İspaniyanın gücünü bütün komandalar bilir. Bosniya və Herseqovina da ilk dəfə iştirak edəcək. Ancaq onların gəldiyi yola baxsaq, güclü rəqib olduqlarını görərik. Serbiya ilə bir qrupda yer almışdılar, həmin qrupdan lider kimi final mərhələsinə yüksəldilər. Deməli, güclüdürlər. Sadəcə, açılış oyunu hər zaman ağır keçir. Həm də həmin görüşdə qazanılan nəticə növbəti hədəflər üçün fikir formalaşdırır.
 
- Bu arada, “Halle-Gooik”lə yeni müqavilə imzaladın. Təbrik edirik.
- Təşəkkür edirəm. Bəli, 2024-cü ilin iyununa qədər bu klubun üzvüyəm. Artıq ailəm də bir müddətdir Belçikada yaşayır, ora uyğunlaşıb. İspaniya və Fransa klublarından da təkliflər var idi, amma Belçikada qalmağı uyğun hesab etdik. Klubun şəraiti məni qane edir, ailəm üçün də orda olmaq rahatlıqdır. Hər iki tərəfə xeyirli olsun.  
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest