"Meydan sahibləri topa daha çox sahib oldular, "Dinamo"lular isə topu çox tez-tez itirirdilər".
Kiyev "Dinamo"sunun sabiq kapitanı Sergey Sidorçuk Konfrans Liqasının 2026/27 mövsümünün III təsnifat mərhələsində Kiyev təmsilçisinin "Qarabağ" klubuna məğlub olaraq (0:2) avrokuboklarla vidalaşmasına münasibət bildirib.
Matc.az xəbər verir ki, bu barədə "Ukrainskiy futbol" nəşri məlumat yayıb.
Sidorçuk bu uğursuzluqdan sonra Kiyev klubunun böyük tənqid atəşinə tutub: "Sözün düzü, neqativ olmaq istəməzdim... Onsuz da bu, kifayət qədər olacaq. İndi "Dinamo"nun üzərinə həm media məkanında, həm də digər yerlərdə çoxlu tənqid yağacaq. Deyəcəklər ki, "Dinamo" klubun yüzilliyinə bir il qalmış heç bir yerə vəsiqə qazana bilmir. Ona görə də müsbət məqamlara köklənək.
Mənə elə gəlir ki, gənc "Dinamo"lular öz səviyyələrini hələ tam dərk etmirlər. Onların nə dərəcədə yüksələ və inkişaf edə biləcəklərini anlamırlar.
Oyuna gəlincə, özüm üçün belə bir nəticə çıxardım: "Dinamo"nun ilk hissəsi ikincidən daha zəif idi. Səbəblər nədir? Bunu artıq məşqçilər heyəti araşdırmalıdır".
Sidorçuk Kiyev təmsilçisinin cavab oyunundakı məğlubiyyətinin səbəblərini açıqlayıb: "Dinamo" matçı ona görə uduzdu ki, hər iki cərimə meydançasında rəqibə uduzdu. Yəni həm müdafiədə, həm də hücumda problemlər var idi. "Dinamo"nun kifayət qədər qol vəziyyəti oldu, lakin alınmadı.
İlk hissə "Qarabağ"ın üstünlüyü ilə keçdi. Meydan sahibləri topa daha çox sahib oldular, "Dinamo"lular isə topu çox tez-tez itirirdilər. Lakin yenə təkrar edirəm, ən əsas problem ondan ibarətdir ki, "Dinamo"lular hər iki cərimə sahəsini – həm özününkünü, həm də rəqibinkinə nəzarət edə bilmədi" - deyə Sidorçuk yekunlaşdırıb.
Sabiq kapitan "Qarabağ"la matçda oyununu bəyəndiyi iki "Dinamo" futbolçusunun adını da çəkib: "Mixavko və Brajkonun oyun tərzi xoşuma gəldi. Əksər epizodlarda Vladimir yaxşı çıxış etdi, Taras isə oyunun sonunda təhlükəli vəziyyətlər yaratmağa çalışırdı. Uşaqların can yandırdığı görünürdü".
Xatırladaq ki, iki oyunun nəticəsinə görə qarşılaşmanın ümumi hesabı 1:2 "Qarabağ"ın xeyrinə başa çatıb.













