Uruqvaylı yarımmüdafiəçi Lukas Torreyra bu yay "Qalatasaray"dan ayrıla bilər. Təcrübəli futbolçu İstanbul təmsilçisini tərk etmək barədə qərar qəbul edib.
Matc.az xəbər verir ki, bu barədə insayder Sebas Covanelli məlumat yayıb.
Bildirilir ki, yarımmüdafiəçinin klubunu dəyişmək istəməsinə səbəb onun ünvanına gələn təhdidlər və təqib olunmasıdır.
Cari ilin mayın 12-də İstanbulun ticarət mərkəzlərindən birində naməlum şəxs Torreyraya hücum edib. Həmin şəxs polis tərəfindən həbs olunaraq həbsxanaya göndərilib.
3 ay sonra, avqustun 12-də azadlığa çıxan həmin şəxs Torreyranın sürücüsünü təqib etməyə başlayıb. O, sürücüyə "Mən bura başladığım işi yarımçıq qoymamaq və axıra çatdırmaq üçün gəlmişəm" deyib. Hazırda cinayətkar yenidən Türkiyə polisi tərəfindən axtarışa verilib.
2022-ci ildən "Qalatasaray"da çıxış edən Torreyra yaranmış vəziyyətdən ciddi narahat olub və agenti Pablo Bentankura özünə yeni klub tapmağı tapşırıb.
Xatırladaq ki, bir qədər əvvəl "Qalatasaray"ın Viktor Osimheni "Arsenal"a sata biləcəyi barədə məlumatlar yayılmışdı.













