"Neftçi"dən ayrılaraq Tunis klubuna keçdi.
"Neftçi"nin fransalı vingeri İmad Faraj bundan sonra karyerasını Tunisin "Esperans" klubunda davam etdirəcək. Bakı klubu Tunis təmsilçisinin transferlə bağlı təklifini və 27 yaşlı futbolçunun komandadan ayrılmaq istəyini nəzərə alaraq keçidə müsbət cavab verib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.
Bildirilir ki, klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və artıq tam razılıq əldə olunub.
2025-ci ilin iyul ayında Kiprin "AEK Larnaka" klubundan "Neftçi"yə transfer olunan İmad Faraj bir mövsüm ərzində komandanın heyətində 34 rəsmi oyunda meydana çıxıb. Bu görüşlərdə 7 qol vuran və 6 məhsuldar ötürmə edən fransalı futbolçu "Neftçi"nin uğurları üçün öz töhfəsini verib.
Paytaxt təmsilçisi İmad Faraja göstərdiyi peşəkarlığa, əzmkarlığına və komandada keçirdiyi oyunlara görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.













