FİFA rəhbəri Canni İnfantino ABŞ prezidenti Donald Trampla apardığı danışıqdan sonra ABŞ millisinin hücumçusu Folarin Balonqunun diskvalifikasiyasının ləğv edilməsinə nail olub, bu zaman isə ali futbol qurumunun şəxsi qaydaları pozulub.

Matc.az xəbər verir ki, bu barədə "The New York Post" nəşri məlumat yayıb.

Bildirilir ki, Balonqun DÇ-2026-nın 1/16 final mərhələsinin Bosniya və Herseqovina ilə matçında meydandan kənarlaşdırılıb və bu səbəbdən Belçikaya qarşı keçiriləcək 1/8 final oyununu buraxmalı idi. Lakin FİFA-nın İntizam Komitəsi diskvalifikasiya qərarının qüvvəsini dayandıraraq futbolçunun meydana çıxmasına icazə verib.

Daxili sənədlərə əsasən, FİFA-nın intizam məcəlləsində 20 ildən artıqdır ki, bir qayda qüvvədədir: qırmızı vərəqəyə görə verilən diskvalifikasiya yalnız bir halda – hakim vərəqəni səhvən tamamilə başqa oyunçuya göstərdiyi təqdirdə ləğv edilə bilər. Hazırda FİFA-da məcəlləyə dəyişikliklər hazırlanır və qırmızı vərəqəyə görə avtomatik diskvalifikasiyanın ləğv edilməsinə birbaşa qadağanın qoyulması təklif olunur.

FİFA nümayəndəsi İnfantino ilə Tramp arasındakı danışığın məzmununu şərh etməkdən imtina edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest