"Real"n vingeri Vinisius Junior İspaniya çempionatı matçında aldığı qırmızı vərəqəyə görə 4 oyunluq diskvalifikasiya edilib.

Matc.az xəbər verir ki, bu barədə "Marca" idman nəşri məlumat yayıb.

Ötən gün "Real" La Liqanın 8-ci turunda "Vilyarreal"ı 1:0 hesabı ilə məğlub edib. Vinisius bu qarşılaşmanın 73-cü dəqiqəsində "Vilyarreal"ın oyunçusu Neytan Salibanın saçından dartdığı üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu cəza səbəbindən oyunçu İspaniya çempionatında "Sevilya", "Barselona", "Rasinq" və "Valensiya"ya qarşı keçiriləcək matçları buraxmalı olacaq. Vinisiusun meydana qayıdışı noyabrın 22-də "Selta" ilə keçiriləcək oyunda gözlənilir.

Cari mövsümdə Vinisius Junior "Real"ın heyətində bütün turnirlərdə çıxdığı 9 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest