FİFA gəlirli keçən 2026-cı il dünya çempionatından sonra üzv olan federasiyalara edilən ödənişləri artırmağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə "ESPN" idman nəşri məlumat yayıb.
Bildirilir ki, ali futbol qurumu 4il müddətinə (2027-ci ildən 2030-cu ilə qədər) "futbolun inkişafı" üçün ayırdığı ödənişləri əvvəl nəzərdə tutulan 10 milyon dollar əvəzinə 25 milyon dollara çatdırmaq niyyətindədir. Qeyd olunur ki, FİFA bu ödənişləri özünün 3,5 milyard dollarlıq maliyyə ehtiyatından ödəmək istəyir və bu addımını DÇ-2026-nın "görünməmiş kommersiya uğuru" ilə əsaslandırır.
Mənbələr həmçinin göstərir ki, FİFA-nın belə bir planı Avropa federasiyalarının növbəti seçkilərdə Canni İnfantinonu postundan uzaqlaşdıra biləcək yeni lider axtarışında olduqları bir vaxtda ortaya çıxıb. Bu qərar hələ yekun xarakter daşımır, çünki məsələ 2026-cı ilin dekabrında federasiyanın maliyyə planında qeyd edilməli, daha sonra isə 2027-ci ilin martında keçiriləcək FİFA Konqresində təsdiqlənməlidir.
Xatırladaq ki, İnfantino 2016-cı ildən bu vəzifəni tutur və bu yaxınlarda isveçrəli funksionerin yeni müddətə namizədliyini irəli sürmək planları məlum olub. Ötən gün isə FİFA prezidentinin DÇ-2026-nın təşkilatçı şirkətindən bəyan edilməmiş 1,5 milyon avro alması barədə məlumatlar yayılıb.













