Azərbaycan Autizm Mərkəzinin şagirdləri "Neftçi"nin qonağı olublar.
Azərbaycan Autizm Mərkəzinin şagirdləri "Neftçi"nin qonağı olublar. "Palms Sports" Futbol Mərkəzində təşkil olunan görüş çərçivəsində əvvəlcə qonaqlar təlim-məşq bazası ilə tanış olublar.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Anatoli Banişevski adına iclas otağında şagirdlərə "Neftçi" PFK haqqında məlumat verilib, klubun zəngin tarixinə həsr olunmuş video-süjet nümayiş etdirilib.
Görüşün daha əyləncəli hissəsində uşaqlar istirahət otağında futbolçularla birlikdə müxtəlif oyunlarda iştirak ediblər.
Azərbaycan Autizm Mərkəzinin şagirdləri komandanın məşqini də izləyiblər. Hazırlıq prosesinin bir hissəsində isə onlar meydana çıxaraq futbolçularla birlikdə futbol oynamaq imkanı əldə ediblər.
Görüşün sonunda qonaqlara "Neftçi" PFK tərəfindən xüsusi hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.













