"Əl-Nəsr"in hücumçusu Sadio Mane Seneqal milli komandasındakı karyerasını başa vurduğunu elan edib.

Matc.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.

Bildirilir ki, 34 yaşlı futbolçu bu qərarını "Teranqa şirləri"nin 2026-cı il dünya çempionatındakı çıxışını başa vurmasından sonra açıqlayıb. Seneqal yığması turnirin 1/8 final mərhələsində əlavə vaxtda Belçika seçməsinə məğlub olaraq (2:3) mübarizəni dayandırıb.

Təcrübəli forvard gələcək planlarından danışıb: "Biləsiniz ki, mən bu bayraq üçün hər şeyimi qurban verdim. Bütün gücümü qoydum və hər zaman ölkəmiz üçün mübarizə apardım. Sizin daimi dəstəyiniz mənim uğurlarımın hərəkətverici qüvvəsi oldu. Gələcəkdə təcrübəmdən ölkəmin rifahı naminə – məşqçilər heyətində, baş məşqçi postunda və ya futbolun rəhbər strukturlarında böyük məmnuniyyətlə istifadə edəcəyəm".

Qeyd edək ki, Mane Seneqal millisində debütünü 2012-ci ildə edib. O, yığmanın heyətində 130 matça çıxıb ki, bu da komanda tarixində ikinci göstəricidir. Hücumçu vurduğu 54 qolla Seneqal millisi tarixinin ən yaxşı bombardiri ünvanını qoruyur.

Mane yığma ilə 2021-ci ildə Afrika Millətlər Kubokunun qalibi olub, iki dəfə (2019, 2025) isə gümüş medal qazanıb. Son illərdə o, həm də komandanın kapitanı və əsas liderlərindən biri idi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest