"Real"ın prezidenti Florentino Peres komandanın sabiq hücumçusu Ronaldodan həmvətəni Vinisius Junioru klubla müqaviləsini yeniləməyə razı salmasını xahiş edib.

Matc.az xəbər verir ki, bu barədə "Defensa Central" nəşri məlumat yayıb.

Bildirilir ki, Vinisius Juniorun madridlilərlə hazırkı sözləşməsi 2027-ci ilin yayında başa çatır. Ronaldo danışıqlarda birbaşa iştirak etməsə də, o, gənc ulduzu "Real"ın təklif etdiyi yeni müqavilənin onun maraqlarına tam uyğun gəldiyinə inandırmalıdır.

Peres 1994 və 2002-ci illərin dünya çempionunun Braziliya millisindəki və futbol dünyasındakı yüksək nüfuzundan yararlanmaq niyyətindədir.

Daha əvvəl mətbuatda Vinisius Juniorun yeni müqavilədəki maaşın məbləği ilə bağlı "Real" rəhbərliyi ilə razılığa gələ bilmədiyi barədə xəbərlər yayılmışdı.

Braziliyalı vunderkind 2018-ci ildən bəri Madrid klubunun formasını geyinir. O, bu müddət ərzində meydana çıxdığı 375 matçda 128 qol vurub və 100 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest