Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) dünya çempionatının pley-off mərhələsində penalti seriyasından əvvəl püşkatma proseduruna dair FİFA-nın təklif etdiyi yenilikləri təsdiqləməyib. Təşkilat mövcud püşkatma qaydalarının olduğu kimi saxlanılmasına qərar verib.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. Qüvvədə olan qaydalara əsasən, hakim seriya başlamazdan əvvəl sikkəni iki dəfə atmalıdır. Birinci püşkatmanın qalibi 11 metrlik zərbələrin yerinə yetiriləcəyi qapıları seçir. Bundan sonra ikinci püşkatma keçirilir və onun qalibi hansı komandanın zərbələrə birinci başlayacağına qərar verir. Bu zaman hər iki püşkatmanı eyni komandanın kapitanı qazana bilər.
Bildirilir ki, FİFA bu proseduru dəyişdirməyi və iki əvəzinə yalnız bir püşkatma keçirməyi planlaşdırırdı. Ali futbol qurumunun ideyasına görə, yeganə püşkatmanın qalibi iki variantdan birini seçməli idi: ya qol vurulacaq qapını, ya da penalti seriyasına kimin başlayacağını. Müvafiq olaraq, püşkatmada uduzan komandanın kapitanı avtomatik olaraq yerdə qalan digər seçimi etmək hüququ qazanacaqdı. FİFA bu yolla komandalardan birinin hər iki üstünlüyü eyni anda əldə etdiyi vəziyyətlərin qarşısını almaq istəyirdi.













