PSJ UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Liverpul"u qəbul edəcək.

Matc.az xəbər verir ki, Paris təmsilçisinin futbolçusu Vitinya qarşılaşmadan öncə açıqlama verib. Portuqaliyalı yarımmüdafiəçi komandada əhval-ruhiyyənin yaxşı olduğunu deyib:

"Komandada əhval-ruhiyyə inanılmazdır. Belə oyunlarda iştirak etməyi çox sevirik. Bu, hər futbolçunun oynamaq istədiyi matçlardır. Biz tam diqqətliyik, təhlükənin fərqindəyik və bu vacib oyuna hazırıq. Hamı futboldan kifayət qədər anlayır. Belə oyunlarda favorit olmur. "Liverpul" keyfiyyətli futbolçulara malik güclü komandadır. Qarşıda iki vacib oyun var. Bilirik ki, 100 faiz hazır olacağıq. Bir şey dəqiqdir ki, hər zaman olduğu kimi qələbə üçün oynayacağıq. Çünki istəyimiz məhz budur.
Usman Dembele həmişə lider olub."Qızıl Top"u qazandıqdan sonra o, daha da böyük liderə çevrilib. Amma bu, onun təbiətindən gələn xüsusiyyətdir. Dembele lazım olan anda nə deməyi bilir və əsl liderdir.

Düzünü desəm, bu mövsüm heç bir sağlamlıq problemi yaşamamağım mənim üçün böyük şansdır. Ümid edirəm ki, belə davam edəcək. Amma hər şeyi nəzarətdə saxlamaq mümkün deyil. Yaxşı bərpa olunmaq üçün əlimizdən gələni edirik. Lakin bütün oyunçular bunu eyni səviyyədə etmir. Mən isə bir qədər şanslı olmuşam.
"Liverpul"la ötən mövsümkü oyunlar iki möhtəşəm qarşılaşma idi. Hər iki komanda üçün çox çətin keçdi. İlk oyunda çox yaxşı çıxış etdik və çoxlu qol epizodları yaratdıq. Nəticədən bir qədər məyus qalmışdıq. Amma həmin oyun səviyyəsini təkrarlamaq, ilk matçdakı oyunumuzu yenidən göstərmək istəyirik. Bir il ərzində çox şey dəyişir, buna görə də bu mövsüm hər şey tam fərqli olacaq".

Qeyd edək ki, PSJ - "Liverpul" qarşılaşması 8 aprel tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest