Çelsi süni intellekt şirkəti IFS ilə sponsorluq müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, müqavilə 2028-ci ilə qədər qüvvədə olacaq, lakin şirkət yalnız 2025/2026 mövsümünün sonuna qədər "Çelsi"nin köynək sponsoru kimi fəaliyyət göstərəcək.
Şirkətin loqotipi bu həftə sonu, London klubunun kişilər və qadınlar komandasının İngiltərə Premyer Liqası oyunlarını oynayarkən formalarında görünəcək.
Qeyd edək ki, "Çelsi" 2025/2026 mövsümü üçün köynək sponsoru olmayan yeganə Premyer Liqa klubu idi. Telekommunikasiya şirkəti "Three" ilə müqavilə 2023-cü ildə, klubun keçmiş sahibi Roman Abramoviçə qarşı sanksiyalar səbəbindən ləğv edilib. Bundan sonra idman texnologiyaları şirkəti "Infinite Athlete" və "Damac"ın loqotipləri londonluların köynəklərinin ön hissəsində olub.
Klub rəhbərliyi növbəti uzunmüddətli köynək sponsoru ilə müqavilə çərçivəsində mövsümə təxminən 65 milyon funt-sterlinq (74 milyon avro) qazanc əldə etməyi gözləyir.












