UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunlar başa çatdı. Ölkəmizi qitənin ən nüfuzlu turnirdə təmsil edən “Qarabağ” İngiltərənin “Nyukasl” komandasını qəbul etdi. Azərbaycan çempionu adlı-sanlı rəqiblə görüşdən ağır məğlubiyyətlə ayrıldı - 1:6.

Qarşılaşma barədə matc.az saytına danışan tanınmış menecer Vaqif Heydərli bildirib ki, qeydə alınan nəticə gözlənilən idi: “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandıqdan sonra böyük komandalarla oyunlarda belə nəticələr gözlənilirdi. Sadəcə olaraq, təmsilçimiz çox yaxşı və səhvsiz oynayıb. Ona görə də böyük hesablı məğlubiyyətlər olmayıb.

“Qarabağ”ın bu səviyyədə komandalarla matçlarında böyük hesabların qeydə alınması gözləniləndi. Ən önəmli faktorlardan biri odur ki, “Qarabağ” və top-komandaların büdcələri hər kəsə bəllidi.  Bu büdcə ilə o komandalara qarşı başabaş mübarizə aparıb, pley-offa qədər yüksəlmək böyük uğurdu. Çox ciddi uğur sayılır. Müasir futbolda büdcə klubların, futbolçuların səviyyəsi deməkdi”.

Maraqlıdı, nəticə niyə belə alındı, buna səbəb nə idi?

Heydərlinin fikrincə, rəqiblər arasında fərq çoxdu: “Məncə, “Qarabağ” bu mövsüm Çempionlar Liqasında ən zəif oyununu oynadı. İrəlilədikcə, növbəti mərhələlərə keçdikcə, rəqiblər də ciddi yanaşır. “Ayntraxt”, “Çelsi” “Qarabağ”la görüşlərdə rotasiyalar edirdilərsə, komandamızı daha az ciddiyə alırdılarsa, artıq “Nyukasl” tam heyətlə, tam gücü ilə heç nəyi riskə atmadan oynadı”.

Heydərli vurğulayıb ki, milli komandamızın da üzvü olan Bəhlul Mustafazadənin zədələnməsinin belə nəticə qeydə alınmasına təsiri olub: “Təbii ki, Bəhlul komandanın əsas müdafiəçilərindən biridi. Xüsusən də son dönəmlərdə yaxşı formadadı, bu nəticələrin qazanılmasında çox böyük əməyi var. Bəli, Bəhlulun zədələnməsi öz təsirini göstərdi”.

Bəs cavab oyunundan nə gözləmək olar? Tanınmış menecerin sözlərinə görə, bundan sonra cavab oyununa motivasiya olmaq çətin olacaq: “Amma nəzərə alsaq ki, “Nyukasl”ın Premyer Liqada çətin oyunları var, ona görə də “Qarabağ”la matça qarışıq heyətlə çıxa bilər. Əslində, onların qarışıq heyəti də kifayət qədər səviyyəli oyunçulardan ibarətdi. “Qarabağ” evdəki məğlubiyyətdən sonra motivasiya ola bilsə və səfərdə heç-heçə etsə, həm komanda üçün, həm ölkə futbolu adına çox yaxşı olar. İstənilən halda, futbolçular üçün böyük təcrübə olacaq”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest