"Bu mövsüm 3-cü penaltini vura bilmədiyimizə görə təəssüflənirəm. Amma futbolda belə hallar olur"
Misli Premyer Liqasının XXII turu çərçivəsində "Qəbələ"ni qəbul edən "Sumqayıt" 0:0 hesablı heç-heçə edib.
Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb:
- Hər iki komanda yüksək səviyyəli oyun nümayiş etdirdi. Meydanda sürət və mübarizə var idi. Bu mövsüm 3-cü penaltini vura bilmədiyimizə görə təəssüflənirəm. Amma futbolda belə hallar olur. Məşqlərdə bunun üzərində çox işləyirik, lakin oyunda alınmır. Futbolçuların mübarizə aparmasından razı qaldım. Onlara təşəkkür edirəm. Bu cür işləsək, daha çox xallar qazana bilərik".
- Penalti vurmaq problemi ilə bağlı hər hansı bir addım olacaqmı?
- Penalti vurmaq psixoloji bir məsələdir. Ba Loua yaxşı yerinə yetirir penaltiləri. Lakin bu dəfə alınmadı. "Sumqayıt" çox yaxşı komandadır. Onlar baxımlı futbol oynayırlar. Oyunda qol olmasa da, azarkeşlərin bu matçdan zövq aldığını düşünürəm. Penalti vurmağı da öyrənsək, daha yaxşı olacaq.(gülür)
- Qış fasiləsindən sonra, istədiyiniz komandanı formalaşdıra bilmisinizmi?
- Biz heyəti gücləndirdik. Bəzi futbolçular komandaya gec qoşulsa da, adaptasiya olduqlarını düşünürəm. Qış fasiləsindən sonra, müdafiədə daha yaxşı oynayırıq. Həyat özü bir mübarizədir. Biz də bu mübarizəni buraxmamalıyıq və sona qədər əlimizdən gələni etməliyik.
- Ötən oyunda mübahisəli epizodda Hakimlər Komitəsinin qərarı ilə razı qaldınızmı?
- Artıq oyun bitib. Məncə nəsə demək yersiz olardı. Amma qol olduğunu söyləmək də istəyərdim.












