"Açığı, bu haqda heç vaxt düşünməmişəm. Buna vaxtım olmayıb. Zədədən sonra bütün diqqətim əvvəlki formamı bərpa etmək idi"

"Qarabağ"ın futbolçusu Şahruddin Məhəmmədəliyevin müsahibəsi

- "Qarabağ"la Premyer Liqada 100-cü oyununa çıxdın. Hisslərin necədir?
- özümü yaxşı hiss edirəm. Tam gücümlə məşq edirəm. Səhhətim qaydasındadır. Bütün gücümlə hazırlaşıram. 100-cü oyuna görə sevinirəm. Bu komandada olmaq mənim üçün fəxrdir. 7 ildir klubdayam. Bu, karyeramda mümkün olacaq ən yaxşı hadisədir. Qurban Qurbanovla çalışmaq, onun rəhbərliyi altında oynamaq karyeramda baş verəcək ən gözəl şeydir.

- Artıq 7 ildir komandadasan. Karyeranın sonuna qədər burada qalmağı düşünürsən?
- Bütün karyeramı "Qarabağ"da keçirmək istəyirəm. Amma bilirəm ki, hələ də üzərimdə çalışmalıyam.Daha yaxşı olmaq üçün əlimdən gələni edirəm.

- Başqa klublardan təkliflər olub?
- Açığı, bu haqda heç vaxt düşünməmişəm. Buna vaxtım olmayıb. Zədədən sonra bütün diqqətim əvvəlki formamı bərpa etmək idi. İndi də bu haqda bir şey düşünmürəm. İstəyim daha güclü olmaqdır.

- Premyer Liqada çempion olduz. Komanda bu mövsüm avrokuboklarda da uğurlu çıxış etdi. Konfrans Liqasında ən çox seyv edən qapıçılardansan. Uğurlu çıxışının sirri nədədir?
- Şükürlər olsun, Allahın köməkliyi ilə Premyer Liqada çempion olduq. Bu il Konfrans Liqasının qrup mərhələsinə düşmək böyük uğur idi. İlk mərhələdən başlamaq çətin idi. Xüsusilə ilk oyunlarımız ağır oldu. Qrupda güclü rəqiblərlə düşdük. İstəyirdik ki, yaxşı futbolla azarkeşlərimizi sevindirək. Pandemiyadan sonra fanatlarımız stadiona qayıtmışdı. Onlar üçün darıxmışdıq. Bəlkə də, azarkeşlərimiz görmür ki, necə əziyyət çəkirik. Evdən çox komandanın bazasında oluram. Ailə üzvlərim məni evdə görəndə sevinirlər. Uğurlarımız böyük zəhmətin bəhrəsidir. Bundan sonra daha çox çalışacağıq.

- Azarkeşlər komandanın bu mövsümkü yüksək performansına görə, yenidən çempionlar Liqasının qrupunu gözləyirlər. Bunu bacara biləcəyinizə inanırsız?
- Fanatlarımızın gözləntilərini başa düşürük. Onları yenə sevindirməyə çalışacağıq. Bizdən asılı olan nə varsa, onu edəcəyik.

- Azərbaycan millisinin yayda Millətlər Liqasında oyunları var. Səlahət Ağayev, Mehdi Cənnətov yığmada bu mövqeyə namizəddir. Yerini itirməkdən qorxmursan?
- Milliyə dəvət alsam, əlimdən gələn nə varsa edəcəm ki, komandaya kömək edim. Yığmada olmaq mənim üçün şərəfdir. Bu, əlavə sevincdir. Dəvət alsam, komandaya fayda vermək üçün əlimdən gələni edəcəm.

Futbolpress.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest