Beynəlxalq Futbol Federasiyası təşkilatın idarəetmə sistemini ətraflı araşdırmaq üçün işçi qrupunun yaradılması barədə qərar qəbul edib.
Matc.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Təşkilatın Sürixdə keçirilən iclasında qərara alınıb ki, yaradılacaq işçi qrupuna müxtəlif konfederasiyaların nümayəndələri daxil edilsin.
FIFA prezidenti Canni İnfantino təşkilatın əsas kişi və qadın turnirlərinə nəzarət edəcək yeni bir şirkət yaratmaq niyyətində idi. Onun fikrincə, "FIFA Forward Enterprise" adlı bu layihə quruma üzv olan assosiasiyaların gəlirlərini artıracaq və dünyada futbolun inkişafına təkan verəcəkdi. Hətta bu sxemin futbola 4.2 milyard dollar cəlb edə biləcəyi iddia olunurdu.
Lakin bu təşəbbüs futbol funksionerləri, federasiyalar və digər qurumlar tərəfindən kəskin tənqid və etirazla qarşılanıb. Bir sıra federasiyalar isə FIFA-nın idarəetmə sistemində dərhal islahatlar aparılması tələbi ilə çıxış ediblər.
Eyni zamanda, FIFA-nın Sosial Məsuliyyət Komitəsi qurumun təsis etdiyi Sülh Mükafatının təşkili və təqdim edilməsi ilə bağlı məsələləri araşdıracaq.
Qeyd edək ki, sözügedən mükafatın hər il sülh naminə böyük xidmətləri olan şəxslərə veriləcəyi elan olunmuş və onun ilk laureatı ABŞ prezidenti Donald Tramp seçilmişdi.












