FİFA dünya çempionatı zamanı ABŞ millisinin hücumçusu Folarin Balonqunla bağlı yaşanan qalmaqaldan sonra futbolçuların avtomatik diskvalifikasiyasının dayandırılmasına icazə verən reqlament bəndini dəyişdirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Kral Belçika Futbol Assosiasiyasına istinadən məlumat yayıb.

Bildirilir ki, söhbət FİFA-nın İntizam Məcəlləsinin 27-ci maddəsindən gedir. Beynəlxalq Futbol Federasiyasının Sürixdə keçirilən Şura iclasından sonra Belçika assosiasiyasının prezidenti və FİFA Şurasının üzvü Paskal Van Damm bu qaydanın dəyişdirilməsi istiqamətində işlərin artıq başladığını bəyan edib. Dəyişikliklərin dünya futbol qurumunun dekabrın 16-da Qətərin paytaxtı Dohada keçiriləcək növbəti Şura iclasında təsdiqlənə biləcəyi gözlənilir.

Bundan əlavə, Kral Belçika Futbol Assosiasiyası Balonqunun dünya çempionatı zamanı cəzasının dayandırılması qərarı ilə bağlı FİFA-ya müraciət edərək izahat tələb edib. Belçika tərəfi bu işin təfərrüatlarının kifayət qədər şəffaf izah olunmadığı qənaətindədir. Qurum həmçinin gələcəkdə bu cür qərarlar qəbul edilərkən üzv federasiyaların rəylərinin nəzərə alınmasını istəyib.

Xatırladaq ki, dünya çempionatının 1/8 finalındakı Belçika – ABŞ matçından əvvəl FİFA prezidenti Canni İnfantino ilə ABŞ prezidenti Donald Tramp arasında baş tutan söhbətdən sonra İntizam Komitəsi Folarin Balonqunun diskvalifikasiyasını müvəqqəti dayandırmış və bu, hücumçunun oyunda iştirakına şərait yaratmışdı. Tramp bu qərara görə FİFA-ya ictimaiyyət qarşısında təşəkkür etmişdi.

Sonradan FİFA prezidenti Trampla danışdığını təsdiqləsə də, ABŞ rəhbərinin intizam araşdırmasına hər hansı müdaxiləsini təkzib etmişdi. Cari ilin sentyabr ayının əvvəlində Kral Belçika Futbol Assosiasiyası Balonqun insidentini əsas gətirərək növbəti seçkilərdə Canni İnfantinonun namizədliyini dəstəkləməyəcəyini rəsmən bəyan edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest