Gənclər və idman naziri Fərid Qayıbov futbol üzrə Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasından danışıb. Matc.az xəbər verir ki, "ASAN Radio"nun qonağı olan nazir bunları söyləyib:
 
"Mən də Premyer Liqada komanda sayının çox olmasını istərdim. Amma bu gün reallıq belədir. Bundan sonra çalışmalıyıq ki, komandaların sayı artsın. Artıq AFFA ilə bu sualları müzakirə etməyə başlamışıq. ümid edirəm ki, bundan sonra ancaq artım olacaq. Növbəti mövsümdən Premyer Liqada 10 komanda mübarizə aparacaq".
 
Qayıbov Region Liqasında çıxış edən "Xan Lənkəran" klubunun 1-ci diviziona buraxılmamasına da toxunub: "Bu işlə AFFA məşğul olur. Məktubu və ya sualı milli assosiyasiyaya yollasalar, daha yaxşı olar. Seçimlər qaydalar əsasında olmalıdır. Cavab onları qane etmirsə, Gənclər və İdman Nazirliyinə müraciət edə bilərlər. Bu sualın cavabını indi verə bilməyəcəyəm. Bunu araşdırmaq lazımdır".
 
Qayıbovun sözlərinə görə, dövlət bütün komandaları saxlaya bilməz: "Bunun üçün maliyyə lazımdır. İş adamlarını idmana cəlb etmək üçün müəyyən işlər görülür. Məsələn, reallığa uyğun olaraq, onlara vergi məsələlərində güzəşt etmək olar. İqtisadiyyatımız da buna hazır olmalıdır. Bizdə hansısa idman növü inkişaf etməyibsə, oraya ən yaxşı məşqçini dəvət edirik. Bu idman növü inkişaf etməyibsə, həmin mütəxəssis gəlib kiminlə işləyəcək? Əvvəlcə uşaqları yetişdirməli, müəyyən işlər görülməlidir. Hər şeyi planlı şəkildə etmək lazımdır.
 
ölkə futbolunun səviyyəsinin nə zaman yüksələcəyini bilmirəm. Burada bir çox amillər var. Komandalar yaranmalı, püxtələşməlidir. Dövlət hər şeyi yavaş-yavaş edir. Gənclərə deyirəm ki, hər şeyi dövlətdən gözləməyin. Regionlarda da aktiv, imkanlı insanlar var. özümüz nəyisə edə biliriksə, niyə hər şeyi dövlətdən gözləyək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest